Ramil Hüseynov: “Onlar Rusiyada olduğu qədər heç bir yerdə özlərini bu qədər rahat hiss etmirlər”
Ermənistan parlamentinin deputatı, jurnalist İveta Tonoyan və parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov Moskvada keçirilən “Yedinaya Rossiya” konfransında Azərbaycana qarşı təxribata cəhd ediblər.
Onlar çıxışları zamanı Qarabağda “etnik təmizlik”, ermənilərin “hücuma məruz qalması” kimi əsassız fikirlər səsləndirərək Bakını ittiham etməyə çalışıblar. Hətta Tonoyan və Şarmazanov Azərbaycana ünvanlı “faşizm” bənzətməsi etməyə cəhd göstəriblər.
Lakin zalda olan azərbaycanlı diplomatlar dərhal etirazlarını bildirib və tədbirin idarəçisini bu təxribatın qarşısını almağa çalışıblar. Moderator bundan sonra hərəkətə keçib və hər iki erməninin çıxışını ayrı-ayrı dayandıraraq sözlərini davam etdirməmələrini tələb edib. Moderator hər ikisini zalda asayişi qorumağa çağırıb. Daha sonra Tonoyan və Şarmazanov çıxış mətnlərini dəyişdirərək 9 May - Faşizm Üzərində Qələbənin ildönümü, həmçinin bu müharibədə ermənilərin rolundan danışmağa başlayıblar.
Burada diqqəti çəkən erməni həyasızlığı odur ki, təxribatçı mövqedən çıxış edən hər iki şəxs Ermənistanın 3-cü prezidenti Serj Sarkisyanın rəhbəri olduğu partiyada təmsil olunurlar. Hansı ki, Sarkisyanın prezidentliyi dönəmində - 2016-cı ildə faşist Qaragin Njdeyə İrəvanda heykəl qoyulub.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynovun fikrincə, ermənilərdən istənilən saxtakarlıq gözləmək mümkündür: “Son vaxtlar Ermənistanda Rusiyaya yaxın revanşist qüvvələrin fəallaşması müşahidə olunur. Ermənistanın sabiq prezidenti Robert Köçəryan uzun fasilədən sonra mətbuata geniş açıqlama verib, ona verilən sualları cavablandırıb. Cavablarının böyük hissəsi Paşinyan hakimiyyətinin tənqidinə həsr olunub. Rusiya əleyhinə bir kəlmə belə danışmayıb. Moskvada keçirilən “Yedinaya Rossiya” konfransında Azərbaycana qarşı təxribatçı mövqe sərgiləyən E.Şarmazanova gəldikdə isə, o, Serj Sarkisyanın tulasıdır. Onlar Rusiyada olduğu qədər heç bir yerdə özlərini bu qədər rahat hiss etmirlər. Çünki bir vaxtlar Rusiyanın hesabına həmin revanşist qüvvələr Qarabağı işğal etdilər. Daha sonra Qarabağ dalğasında Ermənistanda hakimiyyətə gələrək dövran sürdülər. Şarmazanov kimilər indi də o xəyallarla yaşayırlar. Hesab edirlər ki, bəlkədə qaytardılar. Yəni Rusiya bunlara dəstək verərək həm Ermənistanda hakimiyyətə gələcəklər, həm də Qarabağı işğal edəcəklər. Əsla bu, mümkün deyil. Nə Azərbaycan 30 il əvvəlki dövlət deyil, nə də dünya həmin dünya deyil. Etnik təmizləməni Azərbaycan yox, bilavasitə Ermənistan xalqımıza qarşı törədib. Xocalıda və digər yaşayış məntəqələrində mülki insanları qətlə yetirərək yurdlarından didərgin salıblar. Ermənilər isə öz istəyi ilə rahat şəkildə Qarabağı tərk ediblər. O üzdən, ermənilərin bu barədə danışmağa haqqı yoxdur. Başqa bir tərəfdən Ermənistan rəsmən faşizm simvollarını əbədiləşdirən, onlara heykəl ucaldan bir dövlətdir. Bu baxımdan bizə qarşı hansı böhtanlar atsalar da, bunun əsası olmayacaq”.
Vidadi ORDAHALLI