İspaniyalı mütəxəssis Xulen Lopeteqi futbol üzrə Qətər yığma komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Qətər Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
58 yaşlı mütəxəssislə müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Lopeteqi Qətər yığmasında həmyerlisi Luis Qarsiyanı əvəz edib. Hansı ki, 44 yaşlı mütəxəssis 2024-cü ilin dekabrından Qətər yığmasına rəhbərlik edirdi. 2023-cü ilin dekabrından köməkçi məşqçi kimi bu komandada fəaliyyət göstərən Luis Qarsiya ötən ilin dekabrında baş məşqçi vəzifəsinə təyinat almışdı. O, Qətər yığmasını bütövlükdə 5 oyuna çıxarıb, 1 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət görüb.
Xulen Lopeteqi isə son olaraq İngiltərə Premyer Liqasında mübarizə aparan “Vest Hem” komandasının baş məşqçisi olub. O, İngiltərə klubundan bu ilin yanvar ayında qovulmuşdu. 58 yaşlı mütəxəssis komandanın ambisiyalarına cavab verməməsi və hədəflərə uyğun gəlməməsi səbəbindən yola salınmışdı.
Xatırladaq ki, Lopeteqi 2024-cü ilin iyul ayında “Vest Hem”in baş məşqçisi təyin edilmişdi. O, Premyer Liqa təmsilçisini bütövlükdə 22 oyuna çıxarıb. “Vest Hem” bu görüşlərdə 7 qələbə, 5 heç-heçə və 10 məğlubiyyət görüb.
Xulen Lopeteqi daha öncə İngiltərədə “Vulverhempton”a da rəhbərlik edib.
Lopeteqi məşqçilik karyerasına İspaniyanın U-17 yığmasında başlayıb. Daha sonra o, ölkəsinin U-19, U-20, U-21 və əsas millilərinə də rəhbərlik edib. Klub karyerasında isə Lopeteqi “Rayo Valyekano”, “Portu”, “Real” və “Sevilya”nı çalışdırıb.

