"Hindistanla Pakistan arasındakı gərginlik bütün dünya üçün çox ciddi risklər, təhlükələr ehtiva edir. Çünki nəzərə almaq lazımdır ki, həm dünyada əhali sayına görə bu iki ölkə ciddi resursa malikdir, həm də eyni zamanda hərbi sənaye məhsullarına görə Hindistan və Pakistanın qlobal sahədən böyük üstünlükləri mövcuddur. Hər iki dövlət nüvə ölkəsidir. Və əlbəttə ki, bütün bunlar dünya üçün baş verə biləcək Hindistan–Pakistan müharibəsinin çox böyük gərginliyə səbəb olması ilə bağlı narahatlıqlar yaradır".
Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.
O, açıqlamasında qeyd edib ki, tez-tez Kəşmir böhranı səbəbindən bu iki ölkə qarşı-qarşıya gəlir:
"Digər bir məqam isə ondan ibarətdir ki, bu gün Kəşmir məsələsi ətrafındakı problem beynəlxalq hüquq baxımından lazımi qaydada həll edilmir və bu problemin həlli üçün hansısa dəstək göstərilmir. Böyük əhalisinin mütləq əksəriyyəti müsəlman olan Kəşmirin Hindistan tərəfindən Cammu–Kəşmir adlanan bölgəsi mövcuddur. Eyni zamanda Pakistan da Azad Kəşmir adlandırdığı hissəyə nəzarət edir. Tez-tez Kəşmir böhranı səbəbindən bu iki ölkə qarşı-qarşıya gəlir.
Lakin, Hindistan Pakistana qarşı ədalətsizliyin müxtəlif dövrlərdə davam etdirdiyi kimi, yenə də davam etdirir. Çünki Pakistanın özü terrorizmdən əziyyət çəkən bir ölkədir və hər zaman beynəlxalq birliyə, terrorizmə qarşı mübarizədə çağırışlar edib. Buna baxmayaraq, Pakistanın beynəlxalq terrora qarşı mübarizədə çağırışlarına adekvat reaksiyalar verilmir.
İndi Hindistanın turistlərə qarşı baş vermiş terror hadisəsindən yarım saat sonra, heç bir araşdırma etmədən, bunu Pakistanın üzərinə yıxmağa çalışması onu göstərir ki, Hindistan 2027-ci ildə keçiriləcək seçkilər öncəsi Pakistandan düşmən obrazını daha da radikallaşdırmaq və bundan istifadə edərək bunu bir müharibəyə çevirməyə çalışır.
Bu baxımdan da Hindistan və Pakistan arasında hansısa bir hərbi qarşıdurmanın baş vermə ehtimallarına qarşı qlobal aləm də tətikdə olmalıdır. Düşünmürəm ki, bu böyük çaplı müharibəyə səbəb ola bilər. Baxmayaraq ki, 1947-ci ildən bu yana Hindistan və Pakistan arasında 3 dəfə yeni eskalasiyalar olubdur. Amma hər bir halda kiçik lokal çarpışmalar belə bu coğrafiyanın imkanlarını nəzərə aldıqda böyük təlatümlər yaşada bilər".
Politoloq onu da vurğuladı ki, ölkəmiz istənilən halda bir qarşıdurmanın və aktiv savaş ritorikasının mövcud olmağını dəstəkləmir və dəstəkləməyəcək də:
"Azərbaycan beynəlxalq münasibətlər sistemində hansısa konfliktlərin olmasını istəmir. O baxımdan da Azərbaycan istənilən halda dünyada bütün konfliktlərin danışıqlar və sülh yolu ilə həllində maraqlıdır. Necə ki, Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayanda da biz heç vaxt hərbi ritorikanı birinci tutmamışıq, həmişə danışıqların, diplomatiyanın və sülhün gücünə inanmışıq".