EN

Məktəblər şagirdlərin hüquqi şüurun inkişafında necə rol oynayır?

Ekspert: Hüquqi maarifləndirmə aparəlmasa, gələcək nəsil sürətlə dəyişən dünyada hüquqi təhlükələrə qarşı müdafiəsiz qala bilər:

Günümüzün cəmiyyəti və dünyası getdikcə daha mürəkkəb və dinamik hala gəlir. Bu şəraitdə gənclərin hüquqi maarifləndirmə və öz hüquqlarını bilməsi, onların sosial və hüquqi mənada güclü və məsuliyyətli vətəndaşlar olmasına imkan verir. Məktəb bu vacib təlimin mərkəzi rolunu oynayaraq yeni nəsilin hüquqi şüurunun inkişafına töhfə verir. Bu yalnız fərdi hüquqların qorunması üçün deyil, həm də cəmiyyətin ümumi inkişafı üçün həyati əhəmiyyət kəsb edir.

Bəs yeni nəsil hüquqlarını necə öyrənir?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Operativ Media-ya açıqlama verib.

O bildirir ki,informasiya bolluğunun içində böyüyür, lakin bu bolluq içində hüquqlarını sistemli, doğru və praktik şəkildə öyrənməsi məsələsi hələ də tam təmin olunmayıb: 

"Hazırda məktəblərdə hüquqi maarifləndirmə məsələsi getdikcə daha aktual olur. Xüsusilə yeni nəsil – Z nəsli və Alfa nəsli – informasiya bolluğunun içində böyüyür, lakin bu bolluq içində hüquqlarını sistemli, doğru və praktik şəkildə öyrənməsi məsələsi hələ də tam təmin olunmayıb. Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə görə, hər kəsin təhsil almaq hüququ var və dövlət pulsuz orta təhsil almağı təmin edir. Bundan əlavə, “Təhsil haqqında” Qanunun 4-cü maddəsində təhsilin əsas prinsiplərindən biri kimi şəxsiyyətin vətəndaş və hüquqi cəhətdən yetişdirilməsi göstərilir. Bundan əlavə, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramında gənclərin hüquqi maarifləndirilməsi prioritet istiqamətlərdən biri kimi təsbit edilmişdi. 

Məktəblərdə hüquqi biliklərin öyrədilməsi əsasən “Həyat bilgisi” fənnində bəzi siniflərdə “Hüquq” paraqraflarına yer verilir. Ancaq bu fənlərin proqram məzmunu çox zaman sadə informativ bilgilərlə məhdudlaşır: Konstitusiyanın əsas müddəaları, ümumi vəzifələr və hüquqlar sadalanır. Ən mühüm problem isə bu məlumatların şagirdlərin həyatında praktik istifadəyə çevrilməməsidir. Statistikaya baxsaq, 2023-cü ildə Ombudsman Aparatının məlumatına görə, məktəblilərin hüquqlarının pozulması ilə bağlı daxil olan şikayətlərin 47%-i şagirdlərin hüquqi maariflənməməsi səbəbindən baş verib. Bu, hüquqi biliklərin sadəcə nəzəri şəkildə deyil, həyat bacarığı səviyyəsində şagirdlərə aşılanmasının vacibliyini göstərir.

Təhsil sisteminə hüquqi maarifləndirmə ilə bağlı nə kimi yeniliklər edilə bilər?

Ekspert bildirir ki, hüquqi maarifləndirmə olmasa, gələcək nəsil sürətlə dəyişən dünyada hüquqi təhlükələrə qarşı müdafiəsiz qala bilər:

 "Birincisi, məktəblərdə “Hüquqi maarifləndirmə və vətəndaş hüquqları” adlı ayrıca bir fənn yaradılmalıdır və bu fənn ibtidai sinifdən başlayaraq sistemli şəkildə tədris olunmalıdır. İkincisi, hüquqi təhsil yalnız nəzəri məlumat ötürmək deyil, simulyasiya oyunları, debatlar, real məhkəmə təcrübələri, hüquqi məsələlər üzrə praktiki tapşırıqlar vasitəsilə öyrədilməlidir. Üçüncüsü, müəllimlərin özlərinin hüquqi savadlılığı artırılmalı, onların təlim proqramlarına insan hüquqları, uşaqların hüquqları və müasir hüquqi məsələlər daxil edilməlidir. Dördüncüsü, texnologiya əsaslı hüquqi maarifləndirmə proqramları (mobil tətbiqlər, interaktiv platformalar) yaradılmalıdır ki, şagirdlər öz yaşlarına və maraqlarına uyğun şəkildə hüquqi biliklərə yiyələnsinlər. Əgər hüquqi maarifləndirmə müasir dünya reallıqları nəzərə alınaraq sistemləşdirilməzsə, gələcək nəsil sürətlə dəyişən dünyada hüquqi təhlükələrə qarşı müdafiəsiz qala bilər".

Chosen
0
1
operativmedia.az

2Sources