Adil Qeybulla: Amma bu hələ ki, məsələnin həlli demək deyil
ABŞ-nin Karnegi-Mellon Universitetinin alimləri ilk dəfə 3D-bioprinterlə tam funksional mədəaltı vəzi toxuması çap ediblər.
Oxu.Az bu barədə gazeta.ru-ya istinadla xəbər verir.
Bildirilir ki, bu model kollagendən hazırlanıb və insulin ifraz edə bilir, bu da 1-ci tip diabet üçün ümidverici bir müalicə üsulu sayıla bilər.
Hədəf - xəstələrə hər gün insulin vurmaq əvəzinə, bu orqanoidin bədənə köçürülməsi ilə bədənin özünün insulin istehsalını bərpa etməkdir.
Yeni texnologiya FRESH (Freeform Reversible Embedding of Suspended Hydrogels) adlanır və yumşaq, canlı toxumaları yüksək dəqiqliklə yaratmağa imkan verir. Mədəaltı vəzi modeli qan damarlarına bənzər mikrotunellər (diametri 0,1 mm) da daxil olmaqla tam bioloji mühitdə işləyir.
Ənənəvi plastik və silikon materiallarla müqayisədə, kollagen insan orqanizminə daha uyğun olduğundan bu yanaşma müalicə və elmi tədqiqatlarda inqilab sayıla bilər.
Bu texnologiya gələcəkdə diabet xəstələri üçün iynəsiz həyat mümkün edə bilər.
Professor Adil Qeybulla Sherg.az-a açıqlamasında deyib ki, mədəaltı vəz çox mürəkkəb bir orqandır:

“Mədəaltı vəzin rolu təkcə insulin mübadiləsində deyil. Amma insulinin bədənində depo kimi qalması və uzun müddət xəstələrə təsir etməsi ilə bağlı xeyli müasir metodlar işlənib hazırlanıb. O ki, qaldı mədəaltı vəzin quyruğu hissəsində olan insulini tənzimləyən betta hüceyrələrə, bunların orqanizmə köçürülməsi ilə bağlı müxtəlif tədqiqatlar var. Bir şeyi bilmək lazımdır ki, başqa bir bədənə nəql edilən orqan elə orada oturub dayanmır. Həmin orqanın bədəndə adaptasiyası üçün immun sistemi süstləşdirən müalicə lazımdı. Bu da ki, əlavə problemlərə gətirib çıxarır. İstənilən bir yad cismin orqanizmə yerləşdirilməsinin perspektivləri hələ uğurlu həll edilməyib. Donuzdan da orqan köçürülməsi məsələsi artıq həll olunur. Donuzdan köçürülən orqanların, tam antigen xassələri və süstləşdirilməsi istiqamətində işlər gedir ki, bunların da gələcəkdə perspektivləri daha yüksək ola bilər. Hər halda bu da bir tədqiqatdır. Şəkərli, diabetli xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq istiqamətində gen mühəndisliyinin özünün müəyyən perspektivləri var. Əlbəttə, ortaya çıxan hər bir yeniliyin də öz əhəmiyyəti mövcuddur. Amma bu hələ ki, məsələnin həlli demək deyil”.