Rusiya Tur Operatorları Birliyi (ATOR) bəzi rus turistlərin Türkiyə ilə bağlı verdiyi qərarı ictimaiyyətlə paylaşıb.
Publika.az xəbər verir ki, bu barədə “Türkrus” məlumat yayıb.
Aprelin 23-də İstanbul sahillərində baş verən 6,2 bal gücündə zəlzələdən sonra rusiyalı turistlərin İstanbula marağında azalma müşahidə olunub.
Bildirilib ki, türkiyəli seysmoloqların daha böyük zəlzələnin ola biləcəyi ilə bağlı açıqlamaları rusiyalı turistlərin narahatlığına səbəb olub. ATOR yaxın tarixlər üçün İstanbul turlarının təxminən 30 faizinin ləğv edildiyini açıqlayıb. “Art-Tur” turoperatorunun direktoru Dmitri Arutyunov qeyd edib ki, bir çox müştərilər səfərlərini daha sonrakı tarixlərə təxirə salıblar.
Lakin bəzi sənaye nümayəndələri ləğvlərin boşuna və şişirdilmiş olduğunu düşünürlər. Jurnalist Əbdürrəhman Kamburoğlunun sözlərinə görə, şəhərdə həyat normal şəkildə davam edir: "Zəlzələ çaxnaşmaya səbəb olacaq səviyyədə deyildi. İnfrastrukturda hər hansı bir ziyan və ya nəqliyyatda axsama olmadı. Ona görə də kütləvi ləğvlərə haqq qazandırmaq mənasızdır”.