EN

Lamin Yamal “İnter”lə oyunda daha bir rekorda imza atıb

Çempionlar Liqasının “İnter”lə ilk yarımfinal oyunu “Barselona”nın 17 yaşlı yeniyetmə hücumçusu Lamin Yamal üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Yamal 3:3 hesabı ilə başa çatmış bu oyunda “blauqrana”nın qollarından birini vurub.

Beləliklə Yamal daha bir rekorda imza atmış olub. O, UEFA Çempionlar Liqasının final mərhələlərində 20 yaşa qədər oyunçular arasında yarışın 1/8, 1/4 və 1/2 final oyunları çərçivəsində qolla fərqlənməyi bacarmış ilk oyunçu ünvanına sahib olub. Daha əvvəl yarışın 1/4 final mərhələsinin Dortmund “Borussiya”sı ilə ilk oyununda (4:0) rəqib qapısına yol tapmışdı. Həmçinin 1/8 final mərhələsində “Benfika” ilə cavab oyununda qol və məhsudlar ötürmə ilə fərqlənmişdi.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.

Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 49 oyuna çıxıb, 15 qol və 24 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 100 oyun, 22 qol və 33 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Chosen
0
33
arena.az

10Sources