Xosep Qvardiolanın dönəmində ən zəif mövsümünü keçirən və indidən yeni mövsümün planlarını cızan ''Mançester Siti'' ilə bağlı ortaya çox maraqlı bir transfer iddiası atılıb.
Belə ki, İngiltərə nəhənginin ''Qalatasaray''ın yarımmüdafiəçisi Qabriel Saraya maraq göstərdiyi bildirilir. Bu xəbəri Fransanın idman saytı olan ''Foot Mercato'' paylaşıb. Mənbənin iddiasına görə ''Siti'' rəhbərliyi artıq braziliyalı futbolçunun meneceri və yaxınları ilə əlaqə qurub. Mövsüm bitdikdən sonra isə onların İstanbul nəhənginə rəsmi təklif göndərəcəyi deyilir. Bu yay Kevin De Bruyne onsuz da komandadan ayrılacaq. Qvardiola həm mərkəzdə rəqabəti artırmaq, həm də komandasının hücum potensialını yüksəltmək üçün Saranın transferini tələb edib. Hər halda fransızların iddiası məhz bu cürdü. 25 yaşlı futbolçunun İngiltərə futbolunu yaxından tanıması da onun üçün əlavə üstünlükdü. Çünki Sara Türkiyəyə gələnə qədər çempionşip təmsilçisi ''Norviç''in şərəfini qoruyurdu.
Qeyd edək ki, Sara ''Qalatasaray'' tarixinin ən bahalı transferi statusundadı. ''Cim-Bom'' bu futbolçuya görə ötən yay ingilislərə 18 milyon avro ödəmişdi. Sara mövsümün ilk dövrəsində çox inamlı təsir bağışlayırdı və hətta onun Braziliya yığmasına çağırılması da gündəmdə idi. Amma yanvarda zədələnərək təxminən bir aylığa sıradan çıxan bu futbolçu sonradan formasını çox çətinliklə bərpa etdi.
Sara bu mövsüm ''sarı-qırmızılar''ın heyətində 41 rəsmi oyunda 2 qol, 8 məhsuldar ötürmə ilə fərqlənib.