EN

Zəncəfilin sağlamlığa təsiri: Bitkinin faydaları nələrdir?

Botanist: Pandemiya dövrünə qədər Azərbaycanda zəncəfil yetişdirilməyib

Zəncəfil həm təbii müalicə vasitəsi, həm də ədviyyat kimi istifadə olunan qiymətli bir bitkidir. Əsasən Cənub-Şərqi Asiya ölkələrində yetişdirilən bu bitki, insan sağlamlığına olan faydaları ilə məşhurdur.
 

Bəs bu bitkinin əkimi necə həyata keçirilir?
 

Mövzu haqqında Operativ Media-ya botanist Ülviyyə Quliyeva açıqlama verib.

Botanist bildirir ki, zəncəfil isti və rütubətli iqlim şəraitini sevən tropik bitkidir. Onun becərilməsi üçün sabit və isti temperatur olduqca vacibdir. Bitkinin yumruları əvvəlcə tələb olunan temperaturda cücərdirilir, sonra isə müəyyən sxem üzrə sahəyə köçürülür. Alimlər tərəfindən aparılmış elmi təcrübələr göstərir ki, Azərbaycanın cənub bölgəsinin xüsusilə Lənkəranın torpaq və iqlim şəraiti zəncəfil üçün əlverişlidir.

Əkindən əvvəl torpağın yaxşıca suvarılması tövsiyə olunur. Yumrular elə dərinliyə əkilməlidir ki, üzərində təxminən 2 sm qalınlığında torpaq qatı olsun. Əkindən 1,5–2 həftə sonra torpaqdan cavan zoğlar çıxmağa başlayır. Suvarma torpağın qurumasına imkan verməyəcək şəkildə aparılmalıdır. Zəncəfil torpağın nə həddindən artıq nəm, nə də tamamilə quru olmasını sevmir. Torpaqda daim azacıq nəmlik olmalıdır.

Botanist bildirir ki, bitki böyüməyə başladıqdan sonra hər 30 gündə bir dəfə quru üzvi gübrə (quru inək peyini) ilə yemlənməsi lazımdır. Lakin bu proses avqust ayının sonunda dayandırılmalıdır. Kökün zədələnməməsi üçün torpağın yalnız lazım gəldikdə səliqəli şəkildə yumşaldılması vacibdir. Qış aylarında isə zəncəfil ev şəraitində dibçəkdə də becərilə bilər.

Zəncəfilin yığımı əsasən noyabr-mart aylarında həyata keçirilir. Bu dövrdə bitkinin yarpaqları saralır və quruyur, yəni köklər tam yetişmiş olur. Yığılan məhsul dad və keyfiyyət baxımından daha yüksək olur. Xüsusilə cavan kökümsovlar daha zərif və aromatik dada malikdir.
 

Zəncəfilin Azərbaycanda yetişdirilməsi
 

Aqronom bildirir ki, zəncəfil Azərbaycanda ilk dəfə pandemiya dövründə 2020-ci ildə cənub bölgəsində konkret olaraq Lənkəranda kommersiya məqsədilə yetişdirilib. Bu dövrə qədər zəncəfil ölkədə geniş şəkildə əkilmirdi. Sadəcə bəzi şəxslər onu ev və bağ şəraitində sınaq məqsədilə əkmişdilər.

Pandemiya zamanı zəncəfilə olan tələbatın və qiymətlərin kəskin artması bu təşəbbüsə təkan verdi. Lakin sonrakı illərdə bu iş davam etdirilmədi. Hal-hazırda ölkədə zəncəfil az miqdarda yerli istehsal olunur, lakin əsas hissəsi xaricdən – əsasən İran və Özbəkistandan, qismən isə Türkiyədən idxal edilir.
 

Zəncəfilin qiymət aralığı
 

Aqronom bildirir ki, zəncəfilin qiyməti onun idxal olunduğu ölkəyə və mövsümə görə dəyişir. Hazırda bazarda zəncəfilin kiloqramı 11 manata qədərdir və bu qiymət mövsümə görə dəyişkəndir. Pandemiya dövründə isə qiymət 45 manata qədər yüksəlmişdi. Qış aylarında tələbat artdığı üçün qiymətlər yüksəlir, yayda isə ucuzlaşır.
 

Zəncəfilin sağlamlıq üçün faydaları
 

Qida eksperti Seymur Qafarov zəncəfilin insan sağlamlığına çoxsaylı müsbət təsirlərindən bəhs edərək aşağıdakı faydaları qeyd edir:

Həzm sisteminə dəstək – Mədə turşusunu tənzimləyir, qaz və köpü azaldır, ürəkbulanmanı aradan qaldırır (xüsusilə hamiləlik və ya səyahət zamanı).

İltihab əleyhinə təsir – Artrit və oynaqlarda ağrı, şişkinlik zamanı faydalıdır.

İmmuniteti gücləndirir – Soyuqdəymə və qrip zamanı bədəni müdafiə edir.

Antioksidant xüsusiyyətlərə malikdir – Hüceyrələri sərbəst radikalların zədələyici təsirindən qoruyur.

Qan dövranını yaxşılaşdırır – Qandakı şəkər və xolesterin səviyyəsini tənzimləyə bilər.

Təbii ağrıkəsicidir – Baş ağrısı, əzələ və menstrual ağrılar üçün effektivdir.

Xərçəng əleyhinə – Araşdırmalar zəncəfilin bəzi komponentlərinin xərçəng hüceyrələrinin inkişafını ləngitdiyini göstərir.

Yuxarıda da qeyd olunduğu kimi, zəncəfil həm sağlamlıq baxımından, həm də kənd təsərrüfatı üçün potensiallı bitki olaraq diqqət çəkir. Azərbaycanda onun becərilmə imkanlarının genişləndirilməsi bu sahədə yeni imkanlar aça bilər.

Günay Nəcəfova

1Sources