İran Prezidentinin Azərbaycana rəsmi səfəri mühüm əhəmiyyət daşıyır. Səfər İsrail-İran, Türkiyə-İran və Azərbaycan-İran münasibətləri kontekstində xüsusi önəm kəsb edir. İqtisadi sahədə İran və Azərbaycan arasında həllini gözləyən məsələlər mövcuddur. İnfrastrukturun inkişafı və bu sahədə qarşılıqlı iqtisadi potensialın səmərəli istifadəsi vacibdir.
Siyasi məsələlərə gəldikdə isə Zəngəzur dəhlizinin açılması, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində təsir mexanizmlərinin işə salınması regionda sülhün bərqərar olunması üçün önəmli addımlar sayılır.
Hərbi, iqtisadi, siyasi, mənəvi və dini aspektlərdən yanaşdıqda, bu səfər son dərəcə mühüm əhəmiyyət kəsb edir. İran Azərbaycanla geniş sərhədə malikdir və dini, tarixi yaxınlıq iki ölkə arasında münasibətlərin daha sağlam zəmində inkişafı üçün ciddi imkanlar yaradır. İran Prezidentinin Azərbaycana səfəri isə elə bir zamana təsadüf edir ki, dünya düzəni sarsılıb və beynəlxalq münasibətlərdə yeni gərginliklər yaşanır. Belə bir dövrdə Azərbaycan İran üçün həm mühüm qonşu, həm də bir sıra məsələlərdə vasitəçi rolunu oynaya biləcək potensiala malik dövlətdir.
Qarabağ məsələləri başlayanda qarşıya qoyulan əsas məqsədlərdən biri Türk dövlətləri arasında quru sərhədin olmaması idi. Təəssüf ki, bu məqsədə tam şəkildə nail olunmadı və bu gün Azərbaycandan Naxçıvana getmək üçün ya Türkiyə, ya da İran ərazisindən keçmək məcburiyyəti var. Bu səbəbdən Azərbaycan məsələnin həlli istiqamətində ciddi səylər göstərir və 44 günlük Vətən müharibəsindən sonra imzalanmış üçtərəfli Bəyanata əsasən bu problemin aradan qaldırılması nəzərdə tutulurdu. Lakin buna baxmayaraq, istər Ermənistan, istər onun havadarları Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışırdı. Çünki bugünkü vəziyyətdə Azərbaycanın öz torpaqlarından Naxçıvana birbaşa çıxışı yoxdur və bunun üçün üçüncü dövlətin – İranın ərazisindən istifadə olunur. Halbuki məqsəd birbaşa, kənar dövlətin iştirakı olmadan Azərbaycanla Naxçıvan arasında quru əlaqəsini təmin etmək idi. Bu baxımdan Zəngəzur dəhlizinin açılması zəruridir və vacibdir. İran prezidenti Məsud Pezeşkian açıqlamasında əgər üçüncü dövlətlərin ərazi bütövlüyünə xələl gəlmirsə problemin olmadığı bildirilib. Zəngəzur dəhlizinin açılması Ermənistanın ərazi bütövlüyünə heç bir təhlükə yaratmır.
Bu yol tarixən mövcud olub, sovet dövründə dəmir yolu fəaliyyət göstərib və ciddi problemlər yaşanmayıb. Bundan başqa, Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycanın və Ermənistanın maraqları çərçivəsində deyil, beynəlxalq əhəmiyyət daşıyan bir məsələdir. Çinlə Avropa arasında yüklərin daşınması bu yolun əhəmiyyətini artırır. Dəhliz Avropa ilə Çin arasında alternativ marşrut yaradır və qlobal ticarət zəncirinə ciddi töhfə verə bilər. Əvvəllər ermənilər bu dəhlizi qəbul etməyə çəkinirdilər, təhlükəsizliyin təmin olunması məsələsini qabardırdılar. Lakin bu gün dünyada buna bənzər təcrübələr mövcuddur. Məsələn, Rusiyanın Kalininqrad vilayətinə Belarus və Avropa İttifaqı ərazilərindən keçid təmin olunur və heç bir ciddi problem yaşanmır. Bu da göstərir ki, Zəngəzur dəhlizi üçün də analoji model mümkündür. Burada əsas məsələ texniki və prosedur qaydalara riayət edərək yolun bərpasını həyata keçirməkdir. Təbii ki, bu prosesi əngəlləməyə çalışan qüvvələr olacaq. Lakin əsas məsələ odur ki, dəhliz açılacaq və gələcəkdə yalnız nəqliyyat yox, enerji, kommunikasiya və digər sahələrdə də geniş imkanlar yaradacaq. Zəngəzur dəhlizi region üçün yeni iqtisadi və geosiyasi imkanlar yaradan mühüm bir arteriyaya çevriləcək.
Arzu NAĞIYEV,
Milli Məclisin deputatı