Qəbələ rayonunda Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidməti və İtaliyanın CIMA Tədqiqat Fondunun birgə tərəfdaşlığı ilə meşə yanğınlarının transsərhəd təsirləri üzrə masaüstü təlim keçirilib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, təlim transsərhəd meşə yanğınları risklərinin idarəedilməsi sahəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidməti arasında birgə əməkdaşlığı nəzərədə tutan “Azərbaycan və Gürcüstanda Meşə Yanğınlarının Transsərhəd Risklərinin Qiymətləndirilməsi və Fəaliyyət Planı üzrə Sailor Layihəsi” çərçivəsində təşkil olunub.
Tədbirin keçirilməsinin əsas məqsədi meşə yanğını ssenarisi əsasında meşə yanğınlarının transsərhəd risklərinin idarəedilməsi və cavab tədbirləri imkanlarının, habelə sözügedən layihədə pilot ərazi kimi müəyyən olunmuş ölkəmizin şimal-qərb regionu ilə Gürcüstanın Kaxeti regionunun müvafiq yerli qurumları arasında rabitə kanalları, əlaqələndirmə və qarşılıqlı məlumat mübadiləsi mexanizmlərinin sınaqdan keçirilməsi olub.
Masaüstü təlimdə transsərhəd təsirlərin idarəedilməsi bacarıqları və innovativ həllərə əsaslanan erkən xəbərdarlıq sistemlərinin, proqnozlaşdırma alətlərinin tətbiqi imkanları qiymətləndirilib, o cümlədən qeyd edilən sahələrdə qarşılıqlı təcrübə mübadiləsi aparılıb. Həmçinin, sözügedən tədbir çərçivəsində meşə yanğınlarının transsərhəd risklərinin idarəedilməsi sahəsində əməkdaşlığın davamı olaraq Azərbaycan FHN ilə Gürcüstan DİN-in Fövqəladə Halların İdarəedilməsi Xidməti arasında hazırlanması nəzərdə tutulan birgə fəaliyyət planının müvafiq istiqamətləri də müzakirə olunub.