EN

Əfqanıstanda qızılın bir qramı 100 dollara satılır

Yazını böyüt
Yazını kiçilt

Əfqanıstan qızıl bazarlarında ərəb qızılının bir qramının qiyməti 100 dollara çatıb.

Hafta.az-ın yazdığına görə, “Daryo”nun müxbiri Məzari-Şərifdə bir sıra qızıl satıcıları və alıcıları ilə söhbət edib.

Sakinlər bildiriblər ki, iqtisadi çətinliklər səbəbindən toy və nişan mərasimləri üçün qızıl ala bilmirlər. Əhali ölkə bazarlarında qızılın ucuzlaşacağına ümid edir.

Məzari-Şərifdə yaşayan Din Məhəmməd adlı gənc bildirib ki, qızıl bu gün əvvəlki ilə müqayisədə xeyli bahalaşıb. Məhəmməd deyir: "İndi qızıl bazarına gəldim, çünki toyumuz var. Bu gün ötən günlərlə müqayisədə böyük dəyişikliklər hiss olunur. Qızılın qiyməti kəskin yüksəlib. İnsanların pulu azdır, qızıl almaq çox çətinləşib".

Məzari-Şərifin digər sakini Nur Məhəmməd bildirib ki, Küveyt qızılı kimi tanınan ərəb qızılının qiyməti indiyədək görünməmiş səviyyəyə qalxıb. İnsanlar baha qiymətə qızıl ala bilmirlər, amma inşallah qızılın qiyməti aşağı düşəcək.

Qızıl satıcıları da ölkə bazarlarında qızılın qiymətinin artması ilə ticarət bazarının zəifləməsindən şikayətlənirlər.

Məzari-Şərifdə qızıl satan Lal Məhəmməd dünya bazarında bu qiymətli metalın bahalaşmasının qızıl alıcılarının sayını azaltdığını və insanların qızılı almaqdan daha çox satmağa maraq göstərdiyini bildirib.

Lal Məhəmmədin sözlərinə görə, qızıl alıcıların çoxu qadınlardır və son vaxtlar qadınlar almaq əvəzinə, sahib olduqları qızıl-zinət əşyalarını satırlar.

Məzari-Şərifdəki satıcılar qızılın bahalaşmasını dünyada baş verən müxtəlif siyasi və kommersiya faktorları, o cümlədən Çinlə ABŞ arasındakı iqtisadi gərginliklə əlaqələndirirlər. Qızıl satıcıları hesab edir ki, Əfqanıstan bazarlarında qızılın qiymətinin dəyişməsi onun dünya bazarlarında qiymətindəki dalğalanmalarla bağlıdır.

Məzari-Şərifdə qızıl satıcılarının verdiyi məlumata görə, hazırda şəhər bazarlarında 1 qram 18 əyarlıq qızıl 6300 əfqani, 1 qram 21 əyar qızıl 7300 əfqani, İran qızılı isə 4400 əfqaniyə satılır.

Chosen
0
hafta.az

1Sources