EN

Harvard antisemitizm və islamofobiya ilə mübarizə üçün tədbirlər görəcək

Harvard Universitetinin prezidenti Alan Qarber öz məktubunda Fələstin – İsrail münaqişəsinin kəskinləşməsindən sonra təhsil müəssisəsində dini və milli zəmində nifrət təzahürlərinə görə üzr istəyib və universitetin dözümsüzlüyə qarşı tədbirlər görəcəyini elan edib.

“Report” xəbər verir ki, universitetin saytındakı məktubda o, keçən tədris ilinin “məyusedici və ağrılı” olduğunu söyləyib.

“İcmamız üçün haqlı olaraq müəyyən etdiyimiz yüksək gözləntilərə cavab verə bilmədiyimiz anlara görə təəssüf edirəm. HƏMAS Fələstin hərəkatının 2023-cü il 7 oktyabrda İsrailə hücumunun və sonra baş verənlərin ağır və geniş təsiri kampusumuza ciddi təsir göstərib”, – yazıda qeyd olunub.

Qarber vurğulayıb ki, universitetin antisemitizm və islamofobiya ilə mübarizə qruplarının nəticələri əsasında dərs cədvəli və tədris proqramlarına yenidən baxılacaq və semestrin sonuna qədər dözümsüzlüyə qarşı mübarizə üçün gələcək plan hazırlanacaq.

“Harvard dözümsüzlüklə barışa bilməz, bilməyəcək də. Biz icmamızın bütün üzvlərinin təhlükəsizliyini təmin etməyə və onları təzyiqdən qorumağa davam edəcəyik”, – təhsil müəssisəsinin başçısı nəql edib.

Xatırladaq ki, aprelin 15-də ABŞ Prezidenti Donald Tramp Harvardı siyasi təşkilat kimi qiymətləndirməyi və ali məktəbi vergidən azad universitet statusundan məhrum etməyi təklif etmişdi. Təhsil Nazirliyi Harvard üçün 2,2 milyard dollar məbləğində qrantların və 60 milyon dollar məbləğində uzunmüddətli müqavilələrin dondurulduğunu elan etmişdi. Daha əvvəl Amerika administrasiyası təhsil müəssisəsinin siyasətinə dəyişikliklər edilməsini tələb etmiş və bunu yəhudimənşəli tələbələrin antisemitizmdən qorunması ilə əsaslandırmışdı. “The New York Times”ın iddia etdiyi kimi, Harvard Ağ ev ilə əməkdaşlıq etməyə çalışmış, lakin sonradan tələblər siyahısı “antisemitizmlə heç bir əlaqəsi olmayan bəndlər” hesabına genişləndirilmişdi. Harvard Universitetinin prezidenti Alan Qarber onları yerinə yetirməkdən imtina etmişdi.

Chosen
1
3
report.az

4Sources