EN

Həbsdə olan keçmiş deputat Nazim Bəydəmirlinin "cərrahi müdaxiləyə ehtiyacı var" - ailəsi

Həbsdə olan keçmiş deputat və tanınmış iqtisadçı Nazim Bəydəmirlinin cərrahi müdaxiləyə ehtiyacı var, həyat yoldaşı Fəridə Bəydəmirli bildirib.

O, BBC-yə deyib ki, Nazim Bəydəmirlinin saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsində tibbi müdaxilə üçün imkanlar əlverişsizdir və istəyirlər ki, özlərinin seçdiyi həkim orda yerli keyitmə ilə zəruri kiçik tibbi əməliyyatı aparsın.

"Nazimin boynunda əmələ gələn törəmə əvvəl tük dibinin iltihabı nəticəsində əmələ gəlib, kömək etməyə çalışıblar. Bu da əksinə, qıcıqlanıb və əhatəsi böyüyüb. Həm də onurğaya yaxın yerdədir. Damarın üstündədir. Görüntülü danışanda göstərdi, baxdım. Gördüm ki, əməlli-başlı böyüyüb. Mən həkimlərlə işləyirəm. Həkimlərə göstərdim. Dedilər ki, təcili cərrahi müdaxilə olunmalıdır. Olunmasa, başqa fəsadlar törədə bilər".

Nazim Bəydəmirlinin ailəsi narahatdır ki, əməliyyat tezliklə aparılmasa, onun səhhəti ağırlaşa bilər: "Bu, elə bir məsələdir ki, gecikdirmək olmaz. Yerli keyitmə ilə cərrahi əməliyyat etmək olar. Bizim öz həkimimiz də var, cərrahdır. İcazə versələr, gedib özü əməliyyatı edə bilər".

Fəridə Bəydəmirli vəkillərin bununla bağlı Penitensiar Xidmətə və Ombudsman Aparatına təxminən 10 gündür ki, müraciət etdiyini bildirir.

Ombudsman Aparatından BBC-yə bildiriblər ki, Bəydəmirlinin ailəsinin müraciəti "Ədliyyə Nazirliyi Tibb baş idarəsi qarşısında qaldırılmış və həlli istiqamətində lazımi dəstək göstəriləcək".

BBC Azərbaycanca Penitensiar Xidmətdən Nazim Bəydəmirlinin vəziyyəti ilə bağlı cavab ala bilməyib.

8 il həbs cəzası almış Nazim Bəydəmirli ona qarşı irəli sürülmüş "hədə-qorxu ilə pul tələb etmək" ittihamını rədd edib. O, həbsini Söyüdlü hadisələri ilə əlaqələndirib.

2023-cü ildə Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri qızıl mədəninin ətraf mühiti çirkləndirməsinə görə etiraz aksiyası keçiriblər. Həmin vaxt polis dinc aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə etmişdi.

Prezident İlham Əliyev sakinlərin etirazını haqlı saymış və icra strukturlarına problemin həlli ilə bağlı göstəriş vermişdi. Amma müşavirədə Prezident Əliyev onu da demişdi ki, Söyüdlüdə bəzi vətəndaşlar "təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir".

İlham Əliyev bildirmişdi ki, buna yol verənlər cəzalandırılacaqdır.

Chosen
0
bbc.com

1Sources