EN

İran Prezidentinin Azərbaycana səfəri bölgənin təhlükəsizliyi, inkişafı, rifahı üçün mühüm amil olacaq - ŞƏRH

Bakı, 29 aprel, AZƏRTAC

İran Prezident Administrasiyasının siyasi şöbəsinin müdir müavini Mehdi Sənai Pezeşkianın Bakıya səfərinin intensiv olacağını və onun faciə ilə bağlı vəziyyətə şəxsi nəzarət zərurətinə görə bir gün çəkəcəyini bildirdi. Lakin Prezidentin proqramına baxdığımız zaman rəsmi görüşlər, sənədlərin imzalanması, biznes-forumda iştiraka qədər, Bakı gəzintisi də daxil olmaqla səfərin çox geniş gündəliyinin olduğunu gördük. Məhz buna görədir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu səfəri və İranın Azərbaycanla əlaqələrini çox önəmli kimi xarakterizə etdi. Bu səfər həqiqətən də iki ölkə arasında yeni səhifə aça bilər. Səfər ərəfəsində Bəqainin Cənubi Qafqazın sabitliyində aparıcı rola malik ölkə kimi Azərbaycanı “İran üçün əhəmiyyət daşıyan əsas aktor” adlandırması da çox vacib açıqlamadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

Onun sözlərinə görə, səfər ərəfəsində, səfər çərçivəsində səsləndirilən fikirlər, verilən bəyanatlar da onun məqsədinin olduqca uzunmüddətli, dayanıqlı, siyasi iradə əsaslı olduğundan xəbər verir. “Azərbaycan Prezidenti bildirdi ki, BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində Azərbaycan və İran ənənəvi olaraq bir-birini dəstəkləyir. Dövlətimizin başçısı Şimal-Cənub nəqliyyat dəhlizinin əməkdaşlıq layihələrində xüsusi yer tutması üzərində bir daha dayandı və bildirdi ki, lazımi infratstruktur Azərbaycan tərəfindən var, qarşıda duran hədəf isə artan yüklər üçün imkanların genişləndirilməsidir. İran və Azərbaycan nəinki Şimal-Cənub, Şərq-Qərb dəhlizlərini daha da inkişaf etdirə bilərlər. Bunun üçün hər iki tərəfdə mütəmadi əlaqə, siyasi iradə vacibdir. İki lider açıqlamaları zamanı birgə istehsal motivasiyasının qurulmasını təklif etməklə təşkilatı fəaliyyətin makroəsasları üzərində də dayandılar”,- deyə deputat vurğulayıb.

Biznes-forumun ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyətinə diqqət çəkən A.Badamov deyib: “Prezident İlham Əliyev Şimal-Cənub nəqliyyat dəhlizinin ancaq tranzit daşımaları üçün yox, həm də hər iki ölkənin sahibkarlıq subyektlərinin sərmayələri əsasında yeni istehal müəsisələrinin yayaradılmasında gördüyünü bildirdi. Prezident İlham Əliyevin həm Şimal-Cənub, həm də Araz dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanla İran arasında ticari-iqtisadi əməlkdaşlıqda yeni bir səhifə açılacağına dair mesajdır. Görüşdə bildirildiyi kimi, istehsalçılar, sahibkarlar birgə istehsalı inkişaf etdirə, birlikdə məhsullar istehsal edə bilərlər. İki ölkənin iqtisadi potensialını artırmaq üçün siyasi səylərini birləşdirməsi vacibdir. Düşünürəm ki, hər iki ölkə özünü birgə səyin bir hissəsi kimi görməlidir. Sözsüz ki, İran və Azərbaycan olmaqla, hər bir aktorun ayrılıqda öz rolu və məsuliyyəti var, lakin onlar hərəkətlərin və tapşırıqların ümumi təsvirini yaratmaq, əməkdaşlığı birgə şəkildə şaxələndirmək və ən önəmlisi birgə məqsədlər baxımından öz davranışlarını seçməlidirlər”.

Səfərin ikitərəfli əlaqələrin siyasi, həmçinin iqtisadi sahədə inkişafı baxımından böyük əhəmiyyət daşıdığının məlum olduğunu diqqətə çatdıran deputat qeyd edib ki, lakin Pezeşkian bu sahələrə hərbi müstəvini də əlavə etdi, bu amilin özü bölgənin sabitliyi və təhlükəsizliyi üçün son dərəcə əhəmiyyətə malikdir. Buna görədir ki, iki ölkə arasında sənaye, elm, mədəniyyət, iqtisadiyyat, ticarət olmaqla, təhlükəsizlik sahəsini də əhatə edən strateji proqramın hazırlanacağı açıqlandı. “Yəqin ki, səfərin ən həssas məqamlarından biri Pezeşkianın özünü Təbrizdəki, Ərdəbildəki kimi hiss etməsi ilə bağlı səsləndirdiyi fikirdir. Düşünürəm ki, bu, İranda yaşayan soydaşlarımız üçün də vacib açıqlamadır. Hərtərəfli vacib açıqlamanın digəri isə Pezeşkianın çox yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcəyi anonsunu verməsidir. Bütövlükdə səfərin iki ölkə arasında münasibətlərin inkişafına ciddi təkan verəcəyi qədər, bölgənin təhlükəsizliyi, inkişafı, rifahı üçün əsas olduğunu vurğulamaq da mütləq vacibdir”,- deyə o qeyd edib.

Chosen
2
azertag.az

1Sources