EN

Rusiyada öldürülən general Ukrayna müharibəsinin monitorinqinə cavabdeh imiş

Rusiyada öldürülən general Yaroslav Moskaliqin Ukraynadakı müharibənin monitorinqi və bu barədə ölkə rəhbərliyinə hesabatların hazırlanması ilə məşğul olduğu məlum olub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi qəzetində – “Krasnaya Zvezda”da yayımlanan nekroloqda bildirilir.

 Tribunainfo.az RBK-ya istinadən xəbər verir ki,  Moskaliq Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Döyüş İdarəetmə Qrupunun növbətçi heyətinə rəhbərlik edib. Bu qrup Ukraynadakı hərbi əməliyyatların gedişatını izləyib və müvafiq məlumatları yığıb.

General eyni zamanda prezident Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu üçün analitik materialların hazırlanmasına da cavabdeh olub.

Məlumatda qeyd olunur ki, Moskaliq 2015–2021-ci illərdə Minsk Təmas Qrupunun təhlükəsizlik məsələləri üzrə işçi qrupunda da iştirak edib. O, həmçinin Berlin və Parisdə keçirilən “Normand formatı” çərçivəsində danışıqlarda yer alıb.

Hərbi ekspert Konstantin Maşovetsin sözlərinə görə, Moskaliq Ukraynaya qarşı raket və dron zərbələrinin planlaşdırılması və hesabatlaşdırılması ilə də məşğul olub.

General Yaroslav Moskaliq aprelin 25-də Moskva vilayətinin Balaşiha şəhərində avtomobilin partladılması nəticəsində həlak olub. Rusiya tərəfinin iddiasına görə, bu sui-qəsdin arxasında Ukrayna xüsusi xidmət orqanları dayanır. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova generalın Ukrayna xüsusi xidmətlərinə hələ Minsk danışıqları dövründən məlum olduğunu bildirib.

Rusiya hüquq-mühafizə orqanları isə generalın öldürülməsi ilə bağlı Ukrayna kəşfiyyatına işlədiyi iddia edilən İqnat Kuzinin saxlanıldığını açıqlayıb.

İmran Kərimli

Chosen
2
tribunainfo.az

1Sources