EN

Ölkədə imtahan HƏYƏCANI: “Ajiotaja səbəb yoxdur, digər ölkələrlə müqayisədə Azərbaycanda daha az imtahan keçirilir”

Sosial şəbəkələrdə son günlər müzakirə olunan məsələlərdən biri ölkəmizdə tez-tez imtahanların keçirilməsidir. Tələbələr, şagirdlərin düşündüyü tək bir şey imtahandır. Rəylərdə Elm və Təhsil Nazirliyini, həmçinin də Dövlət İmtahan Mərkəzinin uzun illərdir ölkə boyu stress və həyəcan siyasəti yürütdüyünü, fəqət əldə olunan nəticənin heç də müsbət və faydalı olmadığını qeyd ediblər.

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Editor.az-a açıqlamasında bildirib ki, 9 və 11-ci sinif imtahanları ilə bağlı belə bir ajiotaj yaranıbsa bu o demək deyil ki, şagirdlər konkret olaraq imtahan həyəcanı altındadırlar:

 

“Başqa ölkələrlə müqayisədə Azərbaycanda daha az imtahan keçirilir. Məsələn araşdırma aparsaq görərik ki, qardaş Türkiyədə şagirdlər hətta sinifdən-sinifə addımlayarkən belə müvafiq normativləri yerinə yetirməli olurlar. ABŞ-da da universitet və məktəblərdə çox tez-tez imtahanlarla şagirdlərin bilik və bacarıqları yoxlanılır. Azərbaycanda isə cəmi 2 dəfə 9 və 11-ci siniflərdə imtahan götürülür. 9-cu sinifdə ona görə imtahan götürülür ki, bu sinifə qədər icbari təhsil sayılır. Şagirdlər 9-cu sinifdən sonra təhsillərini davam etdirməyib peşə təhsili istiqamətinə yönələ bilirlər. Ona görə 9-cu sinifə buraxılış imtahanı vermək vacibdir ki, məhz nəticələrə əsasən 9 illik bazadan kollecə qəbul aparılsın. Yaxud da şagirdlərin ən azından 3 fənn üzrə bilik və bacarıqları yoxlanılsın və buna uyğun yuxarı təhsil pilləsinə keçiddə müəyyən qərarlar alınsın. 11-ci sinif buraxılış imtahanı isə ali təhsil pilləsinə qəbulun birinci mərhələsi hesab olunur”.

Təhsil eksperti bildirib ki, yalnız qəbul imtahanlarında fənlərin sayı çoxluq təşkil edir:

“Universitetə qəbul imtahanı 6-7 deyil, 3 fəndən olsa daha yaxşı olar. Bu şagirdlərin imtahan stresini, yükünü azaltmış olar. Bu məqamla razılaşıram.

Məlum olduğu kimi, 4 və 6-cı siniflər üçün monitorinq imtahanlarının keçirilməsi də yaxın zamanda başlayıb. Bu da ona görədir ki, təhsilverənlərin ümumi göstəriciləri müəyyənləşsin. Təhsil elə bir strateji istiqamətdir ki, mütləq bəzi dövrlərdə yoxlama prosesi keçirilməlidir ki, nəticələri analiz edib ona uyğun qərarlar alınsın. Əlbəttə bunlarla paralel müəyyən qərarlar da alınmalıdır. Məsələn, əgər imtahan keçirilsə “2” alan şagird digər sinifə keçirilməməlidir. Şagird arxayın olmamalıdır ki, ən aşağı nəticə göstərsə belə təhsilini davam etdirə biləcək. Qaydalar sərtləşdirilməlidir ki, şagirdlər dərk etsinlər ki, bu imtahanları verərkən onların sinifdən-sinifə keçə bilməmə ehtimalı var. Buna görə təhsilə daha ciddi yanaşsınlar. Son dövrlər imtahan belə bu qədər ajiotaja səbəb olubsa, demək təhsilə maraq əvvəlki kimi deyil”.

Millət vəkili Ceyhun Məmmədov isə Editor.az-a açıqlamasında bildirib ki, imtahanların keçirilməsi vacib prosesdir:

“Çünki bütün dünyada bilik və bacarıqların yoxlanılması üçün əsas metod imtahanlardır. İmtahandan keçmədən şagird və tələbələrin hər hansı bir nəticə əldə etməsi qeyri-mümkündür. Ola bilsin ki, bəzi faktlar nəzərə alınaraq çox az sayda imtahanların ləğvi mümkün ola bilər. Amma imtahanları ümumiyyətlə ləğv etmək doğru deyil. İmtahan həm də rəqabətdir. Məsələyə bu aspektdən baxmaq lazımdır”.

//Gülnarə Abasova, Editor.az

Chosen
2
editor.az

1Sources