Belə olan halda iki seçim var. Ya ipoteka ilə ev almaq, ya da kirayə əsasında mənzil əldə etmək. Bəs görək, bu seçimlərdən hansı daha sərfəlidir? Məsələ ilə bağlı "Ajans.az"a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, İpoteka və Kredit Zəmanət Fondu açıq bazardan tikinti şirkətlərindən təmirli mənzillər alaraq onları uzunmüddətli kirayə əsasında vətəndaşlara təqdim edir:
‘’Müddət və ödəniş tam başa çatdıqdan sonra müqavilə üzrə öhdəliklər bitir və mənzil vətəndaşın mülkiyyətinə keçir. Son illərdə daşınmaz əmlakın orta hesabla 55 faiz bahalaşması fonunda ilkin ödəniş məbləği də əhəmiyyətli dərəcədə artıb. Əgər əvvəlki illərdə vətəndaş orta hesabla 100 min manatlıq mənzil almaq üçün 15 min manat ilkin ödəniş etməklə bu mənzili əldə edə bilirdisə, hazırda bu məbləğ daha yüksəkdir. Bu da vətəndaşlar üçün əlçatanlığı azaldır. Daha az gəlirli vətəndaşlar gəlirlərinə uyğun olaraq kirayə mexanizmindən istifadə edə bilərlər. Bu halda bir illik kirayə haqqı əvvəlcədən ödənilir, daha sonra isə aylıq ödənişlər formasında mənzilin dəyəri tədricən ödənilir. Lakin vətəndaş yalnız Fondun müqavilə bağladığı yaşayış komplekslərindən mənzil seçə bilər. Hazırda Bakı və Abşeron ərazisində belə komplekslərin sayı cəmi 3-4 ədəddir. Bu da vətəndaşlar üçün seçim imkanlarını məhdudlaşdırır’’. Ekspert vurğulayıb ki, kirayə mexanizmində vətəndaş sonrakı mərhələlərdə ödənişi davam etdirə bilməzsə, əvvəlki illər ərzində ödədiyi məbləğ batacaq: ‘’Məsələn, 19 il kirayə ödəmiş bir vətəndaş son il ödənişi edə bilməsə, həmin müddət ərzində etdiyi bütün ödənişlər itirilə bilər. Qeyd etmək lazımdır ki, ipoteka 2020-ci ildən sonra inşa edilmiş çoxmənzilli fərdi evlərə şamil olunur. Çoxmənzilli binalarda isə 1970-ci ildə tikilmiş, çıxarışlı çoxmənzilli binalara aid edilir. Bu səbəbdən vətəndaşlara seçim sərbəstliyi verilir’’