Beynəlxalq münasibətlər sistemində ikitərəfli əlaqələrə verilən strateji önəm, dövlətlərin xarici siyasət kurslarını formalaşdıran əsas amillərdən biridir. Qlobal və regional dəyişikliklərin fonunda ölkələr arasında diplomatik səfərlərin intensivləşməsi müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının genişlənməsinə zəmin yaradır. Bu cür səfərlər, təkcə mövcud əlaqələrin gücləndirilməsi ilə kifayətlənmir, həm də yeni tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində də mühüm rol oynayır.
Son illərdə Azərbaycan ilə İsrail arasında inkişaf edən münasibətlər yeni mərhələyə qədəm qoyur. Bu proseslərin tərkib hissəsi kimi İsrailin baş naziri Benyamin Netanyahunun may ayının 8-də Azərbaycana səfəri gözlənilir.
Mövzu ilə bağlı Sherg.az-a açıqlama verən politoloq Elçin Abdullayev səfərin əhəmiyyətinin İsrail-Azərbaycan münasibətlərində son illərdə müşahidə olunan yüksələn xəttin növbəti mərhələsi kimi dəyərləndirilə biləcəyini söyləyib:

"Səfər çərçivəsində əsasən bir neçə istiqamətdə əməkdaşlıq müzakirə olunacaq. Belə ki, müzakirə oluna biləcək məsələlər arasında ilk növbədə enerji, müdafiyə sənayesi, ticarət və texnologiya sahələrində mövcud olan sıx əməkdaşlığın daha da inkişaf etdirilməsi prioritet ola bilər. Eyni zamanda Azərbaycan İsrailin neft təchizatında mühüm rol oynayan aktorlardandır. İsrail öz növbəsində Azərbaycanı yüksək texnologiyalı silah sistemləri ilə və bununla bərabər kənd təsərrüfatı texnologiyaları ilə təmin edir. Bu baxımdan Netanyahunun səfəri bu əməkdaşlığın yeni sahələrdə xüsusən də kibertəhlükəsizlik və səhiyyə texnologiyalarının genişlənə biləcəyinin töhvəsi ilə də yadda qala bilər. Bu da məlumdur ki, İsrail və Azərbaycan münasibətləri həm də bökgədəki yeni təhlükəsizlik balansları baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan iki ölkə başçıları arasında regional siyasət təhlükəsizlik məsələlərini də müzakirə edilə bilər".
Ekspert İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əldə etdiyi üstünlüyün regionda yeni reallıqlar yaratdığını qeyd edib:
"Təl-Əviv bu kontekstdə Bakını Cənubi Qafqazda mühüm strateji tərəfdaş olaraq görür. Səfərdə böyük ehtimalla İran məsələsi də müzakirə olunacaq. Çünki bu bir reallıqdır. Hər iki ölkə İranın bölgədəki təsirindən narahatdır. Bu bir faktdır. Yəhudi icması ilə Netanyahunun görüş məsələsinə gəlincə mənə görə artıq İsrailin baş nazirinin Yəhudi icması ilə görüşü simvolik xarakterə çevrilib. Bu görüş Azərbaycanın multikultural dəyərlərinin və dinlərarası tolerantlığının beynəlxalq aləmdə vurğulamaq baxımından ölkəmiz adına böyük bir üstünlükdür. Çünki Azərbaycanın dünyaya təqdim etdiyi sülh və birgə yaşar modeli üçün bu bir jest ola bilər.
Bir sözlə Netanyahunun bu səfəri sadəcə olaraq iki tərəfli münasibətlərin möhkəmlənməsi baxımından əhəmiyyətli deyil, həm də Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin və nüfuzunun artırılması baxımından da mühüm hadisədir".
Müsahibimiz sonda bu səfərin həm iqtisadi, həm siyasi, həm regional təhkükəsizlik sahəsində Azərbaycanın əhəmiyyətini daha da artıracağını bildirib.