EN

"Milli mətbuatımızın inkişafı hər şeyi ifadə edir" - SORĞU

Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib, rəqabət qabiliyyətini artırıb. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir.

Odur ki, Prezident İlham Əliyev milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin edəcək. Nazirlər Kabineti isə yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll edəcək.

SİA mövzu ilə əlaqədar Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in Baş redaktoru Rəşad Məcidin, Milli Məclisinin deputatı, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, "AzNews.az" analitik informasiya portalının Baş redaktoru Taleh Şahsuvarlının, "Demokrat.az" xəbər portalının baş redaktoru Vasif Həsənlinin, “Türküstan” Media Qrupunun baş redaktoru Aqil Camalın, "Trend.az" saytının Azərbaycan redaksiyasının keçmiş rəhbəri Təhməz Əsədovun fikirlərini öyrənib.

Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in Baş redaktoru Rəşad Məcid: "Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncam milli mətbuatın ölkənin ictimai fikir və dövlətçilik tarixində oynadığı rola verilən dəyərin təzahürü olmaqla bərabər, eyni zamanda dövlətimizin və onun rəhbərinin ümumilikdə Azərbaycan mediasına neçə illərdən bəri göstərdiyi qayğının növbəti nümunəsidir. Bu Sərəncam həm də Ulu Öndər Heydər Əliyevin milli mətbuatımızın yubileylərinin qeyd olunması ilə bağlı müstəqillik illərində qoyduğu ənənənin davam etdirilməsinin göstəricisidir. Azərbaycanın da bir parçası olduğu dünya nizamının saysız təbəddülatla üzləşdiyi indiki gərgin dövrdə milli mətbuatımıza göstərdiyi belə nəcib və kübar münasibətə görə dövlətimizin başçısına həm öz adımdan, həm də Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti adından dərin təşəkkürümü bildirirəm.

Sərəncamda cənab Prezidentin Vətən müharibəsi dövründə mediamızın əsl vətənpərvərlik və həmrəylik nümunəsi ortaya qoyduğunu, düşmən qüvvələrin yaydığı saxta məlumatların ifşası istiqamətində xüsusi səy göstərdiyini, silahlı qüvvələrimizin rəşadəti ilə bağlı zəngin salnamə yaratdığını xüsusi vurğulaması onun müasir jurnalistikamıza nə qədər böyük önəm verdiyini göstərən yaddaqalan nüans kimi gələcək fəaliyyətlərində ölkə jurnalistlərinə stimul verəcək əhəmiyyətli məqamdır. Sərəncamda həmçinin bu gün mediamızın ölkəmizin tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olduğu vurğulanmaqla bərabər, yeni fəaliyyət prinsiplərinin hökm sürdüyü müasir dövrün Azərbaycan mediası qarşısında yeni vəzifələr müəyyənləşdirdiyi, mediamızın müasir tendensiyaları nəzərə almaqla dövlətimizin maraqlarını həmişə uca tutmalı olduğu qeyd edilir, əslində, Azərbaycanın söz sahibi dövlət kimi dünya düzənində həmişə güclü mövqedə dayanması üçün çağdaş jurnalistikamızın və biz jurnalistlərin də üzərinə böyük məsuliyyət düşdüyü xatırladılır.

Ümumiyyətlə, cənab Prezidentin bu Sərəncamını ümumən Azərbaycan mətbuatının gələcək fəaliyyət istiqamətləri ilə bağlı bitkin və hərtərəfli yol xəritəsi də adlandırmaq olar.

Sənəddə jurnalistikamızın keçmişi ilə bu gününü əlaqələndirməyə, gələcəyə baxış bucağını optimallaşdırmağa imkan verən bir çox müddəalar səsləndirilir, tutarlı arqumentlər sadalanır. Əminəm ki, Azərbaycan mediası və jurnalistikası üçün əlamətdar bir tarixlə - milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi ilə bağlı imzalanmış bu Sərəncam böyük tarixə yüksək dəyərin ifadəsi olmaqla bərabər, həm də mediamızın sabahı və inkişafı baxımından yaddaqalan mühüm bir dövlət sənədi kimi uzun illər xatırlanacaq.

Zaman, müasir dünya bütün fəaliyyət sahələrində olduğu kimi, jurnalistika sahəsində də baş verən yeniliklərlə, sürətlə inkişaf edən informasiya texnologiyaları ilə ayaqlaşmağı, baş verən ardıcıl proseslərdən geri qalmamağı diktə edir. Bu prosesdə, şübhəsiz, biz jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Belə məsuliyyətli dövrdə Azərbaycan dövlətinin mediamıza ardıcıl olaraq dəstək verməsi biz jurnalistlər üçün bir üstünlük, bir şansdır. Cənab Prezidentin milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi ilə bağlı son Sərəncamı da dövlətimizin Azərbaycan mediasına ciddi dəstəyini nümayiş etdirən növbəti mühüm sənəddir. İnanıram ki, hər birimiz bu məsuliyyətin ciddiliyini nəzərə alıb üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün əlimizdən gələni edəcəyik. Buna müasir peşəkar jurnalistikamızın gücü də yetər, potensialı da".

Milli Məclisinin deputatı, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatın 150 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda medianın çağdaş dövrdə qarşılaşdığı yeni vəzifələr, rəqəmsallaşma, süni intellektin tətbiqi və dezinformasiya ilə mübarizə kimi məsələlər ön plana çəkilib.

Bu il milli mətbuatımızın yaranmasının 150-ci ildönümünü qeyd edəcəyik. 1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşüb.

Milli mətbuatımız Zərdabi ənənələrinə söykənərək hər dövrün tələblərini uğurla yerinə yetirməklə müasir inkişaf səviyyəsinə gəlib çatıb. Dövrün, zamanın çağırışları müxtəlif olsa da, mətbuatın prinsipləri dəyişməzdir. Qərəzsizlik, obyektivlik, vətənpərvərlik, dövlət maraqlarını hər zaman uca tutmaq prinsiplərini fəaliyyətində mühüm dəyərlər kimi hər zaman öndə saxlayan müstəqil mətbuatımız çətin və şərəfli yol keçərək daim dövrün reallıqlarının təbliğatçısı olub.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələnin əsasını qoydu. 2003-cü ildən Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi mətbuata diqqət və qayğıda da özünün aydın ifadəsini tapıb. Tarixi Zəfərimizdən sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyib.

Ölkə mediasının 150 illiyinin ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi fonunda qeyd edilməsi böyük qürurdur. Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır.

Amma Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və sair mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir.

Chosen
4
1
aznews.az

2Sources