Sağlamlıq imkanları məhdud olan insanlar cəmiyyətə tam şəkildə inteqrasiya olunmalıdırlar.
"Report"un məlumatına görə, bunu İordaniya Senatının üzvü, Senatın Əlilliyi olan şəxslər üzrə komitəsinin sədri Asiya Abdel Mutaleb Yaqi Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransı çərçivəsində panel müzakirəsində bildirib.
"İnteqrativ cəmiyyət yaşamaq üçün ən yaxşı yerdir. İordaniyada biz xüsusi ehtiyacları olan insanların hüquqlarını qoruyan qanunların praktikada işləməyə başlaması üçün uzun müddət mübarizə apardıq. Əminəm ki, əlilliyi olan insanlar bütün cəmiyyətlərin inkişafının ön sıralarında olmalıdırlar", - deyə senator vurğulayıb.
Onun sözlərinə görə, səmərəli inteqrasiya üçün hökumət strukturları ilə sıx qarşılıqlı əlaqə qurmaq və xüsusilə qadınlar və uşaqlar arasında maarifləndirmə işlərini gücləndirmək lazımdır.
"Sağlamlıq imkanları məhdud olan insanlarla müxtəlif ünsiyyət formalarını inkişaf etdirmək, innovativ texnologiyaları tətbiq etmək və onların sosial layihələrdə iştirakını təmin etmək lazımdır", - deyə Asiya Abdel Mutaleb Yaqi əlavə edib.
O, həmçinin xüsusi diqqətə ehtiyacı olan insanların adaptasiya və dəstək proqramlarının həyata keçirilməsi üçün maliyyə resurslarının ayrılmasının vacibliyini qeyd edib.