EN

Ombudsman: 375 milyona yaxın insanın yenidən ixtisaslaşmasına ehtiyac yaranacaq

BAKI, 28 aprel. TELEQRAF

Beynəlxalq tədqiqatlara əsasən yüksək texnologiyaların tətbiqi ilə bağlı 2030-cu ilə qədər dünya üzrə təxminən 375 milyon insanın yenidən ixtisaslaşmağa və yeni bacarıqlara yiyələnməsinə ehtiyac yaranacaq.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyev "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu da ümumi işçi qüvvəsinin təxminən 14%-ni təşkil edir.

S. Əliyevanın sözlərinə görə, ölkəmizdə də rəqəmsal idarəetmənin inkişafı və süni intellektin tətbiqi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir:

"Prezidentin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Strategiya süni intellekt siyasətinin formalaşdırılmasını, bu sahədə məsul dövlət orqanlarının müəyyən edilməsini, dövlət-özəl əməkdaşlığın genişləndirilməsini və digər innovativ həlləri nəzərdə tutulur.

Süni intellektin tətbiqi əmək məhsuldarlığının artırılması, habelə inklüzivliyin daha səmərəli təmin olunması baxımından da əhəmiyyətlidir. Bununla belə, rəqəmsal texnologiyalardan istifadə digər sahələrdə olduğu kimi, əmək hüququ və məşğulluq sahəsində də yeni yanaşmaların tətbiqini vacib edir. Bütün hallarda, süni intellekt konsepsiyasına keçid dövlətin ali məqsədi olan insan hüquq və azadlıqlarının təmin olunması və texnoloji tərəqqinin insan hüquqlarına neqativ təsirlərinin minimuma endirilməsi ilə şərtlənir".

O həmçinin əlavə edib ki, ilkin olaraq, texnoloji dəyişikliklərə hazırlıq məqsədilə regionlar üzrə əmək bazarının tədqiq edilməsi, işçilərin hüquqlarının qorunmasına yönəlmiş kollektiv tədbirlər planının hazırlanması, süni intellektin tətbiqi nəticəsində ixtisar olunacaq və ya adaptasiya çətinliyi yaşayacaq şəxslərə dəstək mexanizmlərinin yaradılması olduqca zəruridir. Bununla əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi də əsas şərtlərdəndir.

Chosen
5
2
teleqraf.com

3Sources