Ötən il qlobal hərbi xərclər 2023-cü ildən 9,4 % artaraq 2,718 trilyon dollara çatıb. Bu, “soyuq müharibə” bitdikdən sonra illik müqayisədə ən böyük artımdır.

İndex.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) yeni hesabatında məlumat yayıb.

İnstitutun ekspertləri qeyd ediblər ki, dünyanın bütün regionlarında hərbi xərclər artıb, xüsusilə Avropa və Yaxın Şərqdə sürətli artım müşahidə olunub. Beş ölkə – ABŞ, Çin, Rusiya, Almaniya və Hindistan – dünyanın ümumi hərbi xərclərinin 60 %-ni təşkil edib və ümumi xərclər 1,635 trilyon dollar təşkil edib.

2024-cü ildə ümumilikdə 15 ölkə ən çox müdafiə xərclərini artırıb. Qlobal ÜDM-in hərbi ehtiyaclara ayrılan payı 2024-cü ildə 2,5 %-ə yüksəlib.

“2024-cü ildə 100-dən çox ölkə hərbi xərclərini artırıb. Hökumətlər tez-tez digər büdcə maddələri hesabına hərbi təhlükəsizliyə daha çox diqqət ayırdıqları üçün iqtisadi və sosial kompromislər uzun illər cəmiyyət üçün əhəmiyyətli nəticələrə səbəb ola bilər”, – SIPRI-nın hərbi xərclər və silah istehsalı proqramının tədqiqatçısı Ksyao Lyan hesabatı şərh edib.