Yaz və yay aylarında günəş şüalarından qorunmaq üçün insanlar gün eynəklərindən istifadə edirlər. Lakin bu eynəklərin gözə nə qədər faydalı olması sual altındadır. Çünki bəzən küçələrdə belə açıq piştaxtalarda çox ucuz, heç bir qoruyuculuğu olmayan şüşə eynəklər də alıcılara təklif olunur.
Çox insan özünə həkim tövsiyəsi ilə optik eynək seçsə də, günəş eynəklərində bunu gözardı edirlər.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən oftalmoloq Kəmalə Mustafazadə deyib ki, günəş eynəyi seçərkən mütləq həkim məsləhəti olmalıdır:
“Xüsusilə, uşaqlar və gözündə əvvəllər və indi hər hansı bir problem olan pasiyentlər həkim məsləhəti almalıdırlar. Günəş eynəyi alarkən diqqət edilməli məsələlərdən biri də onun ultrabənövşəyi şüalardan qoruyuculuğudur. İkinci isə günəş eynəyi alan zaman şüşələrin polyarlığına diqqət edilməlidir. Bu şüşələr göz yorğunluğunu azaldır. Xüsusilə, maşın sürərkən, dəniz və ya qar çox olduğu ərazilərdə şüalanma olduğu üçün polyarlıq nəzərə alınmalıdır”.
Həkim bildiirb ki, pasiyent optik eynəkdən istifadə edirsə, günəş eynəyi alarkən də bu nəzərə alınmalıdır:
“Əgər pasiyent hər hansı nömrəli göz eynəyi istifadə edirsə, günəş eynəyi alarkən də mütləq şəkildə hər bir pasiyentin gözünə uyğun eynək nömrəsi təyin olunmalıdır. Çünki onların özlərinin seçdikləri eynək görməni torlaşdıra bilər. Bunun üçün mütləq şəkildə göz həkiminin təyin etdiyi günəş eynəyindən istifadə olunmalıdır. Keçmişdə hər hansı bir göz xəstəliyi, məsələn, “mirvari suyu” dediyimiz katarakta, gözdibi xəstəlikləri, göz təzyiqi kimi hər hansı bir problem varsa, məsləhətdir ki, göz həkiminin təyin etdiyi qorunma səviyyəsi normal olan günəş eynəyi alsınlar”.
Günay Şahmar, Bizim.Media