Cüdo üzrə millimiz Monteneqronun Podqoritsa şəhərində keçirilən Avropa çempionatını 1 gümüş və 4 bürünc medalla başa vurub.
"Football-plus.az" xəbər verir ki,-100 kq çəki dərəcəsində tatamiyə çıxan Zelim Kotsoyev gümüş medala yiyələnib. Əhməd Yusifov (-60 kq), Rəşid Məmmədəliyev (-73 kq), Zelim Tçkayev (-81 kq) və Murad Fətiyev (-90 kq) bürünc medal qazanıb.
Uşanqi Kokauri (+100 kq) turniri 5-ci, Turan Bayramov (-60 kq) isə 7-ci pillədə tamamlayıb. Yığma turnirdə qarışıq komanda yarışında da iştirak edib.
Yekunda Azərbaycan medalların əyarına görə 47 ölkə arasında ümumi komanda hesabında 10-cu, kişilər arasında isə 5-cı yeri tutub.
Qeyd edək ki, Zelim Kotsoyevdən başqa bütün mükafatçılar karyeralarında ilk dəfə böyüklər arasında Avropa çempionatının medalçısı olublar. Azəbaycan cüdo tarixində ilk dəfə olaraq idmançılarımız qitə yarışında beş müxtəlif çəki dərəcəsində fəxri kürsüyə yüksəlib.
Xatırladaq ki, ölkəmizi Avropa çempionatında 12 çəki dərəcəsində 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edib.