Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”in yarımmüdafiəçisi Əli Səmədov klubun mətbuat xidmətinə açıqlama verib.
Arena.az xəbər verir ki, o, əvvəlcə “Şamaxı”ya qarşı keçirdikləri matç barədə danışıb.
Əli Səmədov bildirib ki, bu oyunda ələ düşən fürsətlərdən istifadə edilsəydi, hesab başqa cür olardı:
“Şamaxıdakı görüş bizim üçün olduqca vacib idi. Turnir cədvəlində 7-ci yer uğrunda mübarizədə əhəmiyyət daşıyırdı. Qalib gəlsəydik, irəliləyəcəkdik. Ona görə ciddi hazırlaşmışdıq. Məncə, pis oynamadıq, baxmayaraq ki, uduzduq. Komanda olaraq mübarizəmiz yaxşı alındı, sadəcə, qol vəziyyətlərini boşa verdik. Son oyunda soyuqanlıq, zərbələrdə dəqiqlik çatmadı. Qol vurmaq üçün bizim epizodlarımız daha çox oldu. Amma yararlana bilmədik”.
Komandasının kapitanlarından biri olan Səmədov onu da deyib ki, “Səbail” ilə arada olan 8 xallıq fərq onlarda arxayınlıq yaratmır:
“Çempionatın finişinə 5 tur qalmış 8 xallıq fərq az deyil. Açıq danışmaq lazımdır. Amma bu, bizə rahatlıq vermir. Futboldur, hər şey ola bilər. Qarşıdakı oyunlarda əlimizdən gələnin ən yaxşısını edib xal ehtiyatını artırmalıyıq. Ciddiyətimizi qorumalıyıq. Mümkünsüz heç nə yoxdur. Daha yuxarı yerlərə qalxa bilərik”.
Qeyd edək ki, “Kəpəz” Premyer Liqadakı növbəti oyununu bu gün Tovuzda “Zirə”yə qarşı keçirəcək. Azər Bağırovun rəhbərlik etdiyi komanda hazırda 28 xalla 9-cu pillədə qərarlaşıb. Gəncə təmsilçisi keçirdiyi 31 oyunda 7 qələbə qazanıb, 7 heç-heçə edib, 17 məğlubiyyətə üzülüb.