Türkiyə çempionatında 33-cü tura start verildi.
Turun açılış oyununda ''Beşiktaş'' autsayder ''Hatayspor''u qəbul etdi. ''Football-plus.az'' xəbər verir ki, qonaqlar oyuna uğurlu başlayaraq hətta 20-ci dəqiqədə hesabı açmağa da müvəffəq oldular. Amma sonrakı dəqiqələrdə böyük üstünlüyə yiyələnən İstanbul nəhəngifasiləyə qədər yalnız bir qol vura bildi. Çiro İmmobile ilk yarının sonlarına yaxın penaltini dəqiq yerinə yetirdi. Fasilədən sonra isə ''ağ-qaralar'' rəqibə heç bir şans vermədilər.
İmmobile penaltidən ikinci qolunu vurmaqla komandasını hesabda önə keçirdi. Bu qol qonaqları tamamilə həvəsdən saldı. Qalan müddətdə daha 3 dəfə fərqlənən Ole Qunnar Sulşerin komandası 5:1 qalib gəldi. İmmobile Türkiyə karyerasında ilk dəfə het-trik etdisə, meydana çıxdıqdan 3 dəqiqə sonra fərqlənən ekvadorlu Keni Arroyo superliqada ilk qolunu vurdu. Daha bir qolu aktivinə komandanın lideri Rafa Silva yazdı.
Beləliklə, bu nəticə ilə ''Hatayspor''un hətta riyazi cəhətdən də elitada qalmaq şansı tükəndi. Bu komanda ''Adana Dəmirspor''un ardından elita ilə vidalaşan ikinci kollektiv oldu. 2020-ci ildən superliqada çıxış etməyə başlayan Hatay təmsilçisi həm də tarixində ilk dəfə elitanı tərk etdi. ''Qartal'' bu mövsüm superliqada ilk dəfə bir oyuna 5 qol vurdu.
Stefano Okaka və Mario Balotellidən sonra Türkiyə çempionatı tarixində het-trik edən 3-cü italiyalı futbolçu olan İmmobile adını klub tarixinə yazdırmağı bacardı. 35 yaş 64 günlüyündə 3 qol vuran hücumçu ''Beşiktaş''ın heyətində superliqada het-trik edən ən yaşlı futbolçu oldu!
Onu da bildirək ki, çempionatda het-trik edən son ''Beşiktaş''lı isim 2021-in mayında kanadalı Kayl Larin olmuşdu.