Balidə düyü terrasları əsas turizm marşrutudur. Bu sahələr minlərlə hektar ərazini əhatə edir, bəzilərinin isə iki min ildən çox yaşı var. Düyü indoneziyalılar üçün yeməkdən daha üstündür.
Adaya səyahət edən turistlər üçün düyü terraslarına maraqlı turlar təşkil edilir. Bu səfərlər düyü yetişdirilməsinin tarixi, məhsulun yığılması, bu əvəzsiz Asiya məhsulunun qədim becərilməsi metodları ilə tanış olmağa imkan verir. Düyü terraslarda - təpələrin yamaclarında yaradılmış pillələrdə və düzənlik sahələrdə yetişdirilir. Terrasların əksəriyyətinə giriş pulludur: 20.000 rupi (2 AZN).

Tanrıların hədiyyəsi
Bali torpağında ilk düyünü kimin və nə vaxt əkdiyi dəqiq məlum deyil. Bu barədə çoxlu əfsanələr və araşdırmalar var. Balililər inanırlar ki, düyü adaya tanrılar tərəfindən göndərilib. Düyü yerli sakinlərin əsas qidasıdır. Onlar hər gün bu qidadan istifadə edirlər. Demək olar ki, istənilən kafe və ya restoranda menyuda düyü yeməkləri təklif olunur. Düyüdən müxtəlif qəlyanaltılar və hətta qənnadı məmulatları (məsələn, düyü konfetləri, kofelər) hazırlanır. “Moonshine” kimi spirtli içkilərin hazırlanmasında da düyüdən istifadə olunur.

Müqəddəs rənglərin anlamı
Adada ən məşhur düyü terrası Balinin mərkəzində yerləşən Tegallalang düyü sahələridir. Bu sahələr adanın ən qədim və ən çox ziyarət edilən görməli yerlərindəndir.
Terraslarda ağ, qara, qəhvəyi, qırmızı və sarı düyü sortları yetişdirilir. Bələdçimiz izah edir ki, balililərin dini mifologiyasında hər rəngin öz anlamı var. Məsələn, ağ sülh və əmin-amanlıq simvoludur. Qara bədbəxtliyin və kədərin rəngi olsa da, pis ruhları qorxudur. Qırmızı müsbət və yaradıcı enerjini, səmavi harmoniyanı simvolizə edir, pisliyə qalib gəlir və onu yaxşılığa çevirir. Bundan əlavə, qırmızı rəng bəzən tanrı Brahmanı simvollaşdırır. Sarı saflığın rəngi, bilik, harmoniya, ağıl gücüdür.
Bundan başqa, terraslarda müxtəlif tərəvəzlər, kokos, kofe, banan yetişdirilir. Yüzlərlə kəndli bu tarlalara qulluq edir. Dar pilləli terraslardan heç bir texnika keçə bilmədiyindən fermerlərə işlərində yalnız torpağı şumlamaq üçün istifadə edilən camışlar kömək edir: “Sahələrdə çəltik əl ilə yetişdirilir. Hər hektardan ən azı 4 ton çəltik götürülür. Yataqların böyüklüyünü nəzərə alsaq, illik həcmi ən azı 2400 ton təşkil edir. Lakin bu da kifayət etmədiyindən Baliyə düyü qonşu adalardan da gətirilir”, - deyə bələdçi məlumat verir.

Baharda əkin sahələrini su basdığı dövrüdür. Çəltik əkilməsi və məhsul yığımı günlərində çöllərdə yerləşən kiçik qurbangahlarda tanrılara dualar edilir.

Qarşılıqlı yardım sistemi
Adada çəltik sahələrinin suvarılması üçün subak adlanan ənənəvi Bali suvarma sistemindən istifadə olunur.
Subak mədəniyyəti Bali həyatının ayrılmaz hissəsinə çevrilib. Subak sistemində məbədlər çox mühüm rol oynayır. Bələdçimiz nəql edir ki, Subakın çox güclü qarşılıqlı yardım sistemi var: “Bütün fermerlər düyülərinin bir hissəsini cəmiyyətə verirlər.