EN

Uşaqlar hansı şərtlərlə işləyə bilər? 

Bəzi sahələrdə 15 yaşına qədər uşaqlar əməyə cəlb edilə bilər. Bunu Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib. Onun sözlərinə görə, bəzən alt normalarla tənzimlənməli olan, yaxud da tənzimlənən normalar konstitusiyaya gətirilməməlidir:“Məsələn, 17-ci maddəyə edilən dəyişiklik praktikada problem yaradır. Yəni həmin maddədə qeyd olunub ki, uşaqlarla 15 yaşına qədər əmək müqaviləsi bağlana bilməz”.
Bəs uşaqları müəyyən yaşdan sonra əməyə cəlb etmək olar ,ya yox? 
 
Bu barədə Moderator.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17.5-ci maddəsinə əsasən, 15 yaşına çatmamış uşaqların işə götürülməsi yolverilməzdir:
“Bu norma uşaqların fiziki və mənəvi inkişafının qorunmasına yönəlib. Bununla yanaşı, əmək münasibətlərini tənzimləyən əsas normativ akt – Azərbaycan Respublikasının Əmək Məcəlləsi – bu məsələ ilə bağlı daha konkret müddəalar təqdim edir. Əmək Məcəlləsinin 11.2-ci maddəsində qeyd olunur ki, 15 yaşına çatmamış şəxslərlə əmək münasibətlərinin qurulması hüquqi məsuliyyətə səbəb olmur, lakin bu, həmin şəxslərlə əmək müqaviləsinin bağlanmasının qanuni olması anlamına gəlmir. Məcəllənin 46.4-cü maddəsinə əsasən, 15 yaşına çatmamış şəxslərlə bağlanan əmək müqaviləsi etibarsız sayılır. Bununla belə, 15 yaşına çatmış şəxslərlə əmək müqaviləsinin bağlanmasına valideynin, qəyyumun və ya övladlığa götürənin notarial qaydada təsdiqlənmiş razılığı ilə icazə verilir. Bu isə həm hüquqi, həm də mənəvi baxımdan uşaq hüquqlarının qorunmasına yönəlmiş mühüm bir müdafiə mexanizmidir. Qanunvericiliyin bu sahədə pozulması isə uşaq əməyinin istismarı hesab olunur. Belə hallarda Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Uşaqları qanunsuz olaraq əmək fəaliyyətinə cəlb edən şəxslər İnzibati Xətalar Məcəlləsinə və ya Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar”.
 
Sosioloq Mail Yaqub  qeyd edib ki,  müasir dövrdə uşaqların əmək fəaliyyətinə erkən yaşlardan cəlb olunması cəmiyyətdə həm də sosial və psixoloji müzakirə mövzusudur:
 
 “Təcrübə göstərir ki, uşaqların konkret əmək fəaliyyətinə cəlb olunması onların təhsil prosesindən yayınmasına səbəb olur. Lakin bu yanaşma hər zaman mənfi nəticə doğurmur. Əslində bu, fərdin şəxsi seçimlərinə, ailə mühitinə və cəmiyyətin inkişaf səviyyəsinə görə müxtəlif şəkillərdə dəyərləndirilə bilər. Sosioloji baxımdan yanaşdıqda, inkişaf etmiş ölkələrin çoxunda orta məktəbi bitirən şəxslərin  təxminən 90 faizi ali təhsil almağa yönəlmir. Bu fakt bir çox stereotiplərin iflasa uğradığını göstərir. Ənənəvi "ali məktəb arzusu" artıq əvvəlki qədər prioritet deyil. Əvəzində isə konkret fəaliyyət sahələrinə, praktik bacarıqlara, peşə yönümlü inkişaf yoluna maraq artmaqdadır. Psixoloji tərəfdən isə, bu cür erkən istiqamətlənmə uşağın şəxsiyyət inkişafı üçün faydalı ola bilər. Məsələn, bir gənc 13-14 yaşından hansısa bir peşəyə maraq göstərib onu öyrənməyə başlasa, 3-4 il ərzində o sahədə peşəkar səviyyəyə çata bilər. 18-19 yaşında ali məktəbə getməkdənsə, artıq əmək bazarında öz yerini tapmış olur. Bu isə həm maddi müstəqillik, həm də özünəinam baxımından önəmli üstünlükdür. Təbii ki, bu yanaşma hər bir ailəyə və şəxsə görə dəyişə bilər. Əsas məsələ məcburiyyət olmadan, uşağın maraqları və qabiliyyətləri nəzərə alınaraq qərar verilməsidir. Kimsə ali təhsilə üstünlük verə bilər, kimsə isə erkən yaşda peşə sahibi olmağı seçə bilər. Bu, nə faciədir, nə də qəbahət. Əksinə, bu fərdin həyat yolunu müəyyənləşdirməsi və cəmiyyətin müxtəlif sahələrdə ixtisaslaşmış fərdlərlə zənginləşməsi baxımından müsbət haldır”.
 
Mehin Mehmanqızı
 
Chosen
17
46
moderator.az

10Sources