EN

Təhsilli qadınlar yaşadıqları zorakılığı gizlətməyə çalışırlar - MÜSAHİBƏ

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin təsisçisi və sədri Mehriban Zeynalova Modern.az redaksiyasının qonağı olub.

O və komandası Azərbaycanda qadın hüquqları və gender bərabərliyi sahəsində illərdir aktiv fəaliyyət göstərir, məişət zorakılığına məruz qalan, insan alverinin qurbanı olan və sosial risk qrupuna daxil edilən qadınlara sığınacaq, hüquqi yardım və psixoloji dəstək verir.

Mehriban Zeynalova ilə müsahibəni təqdim edirik:

- Ölkəmizdə qadın azadlığı, kişi-qadın bərabərliyi çox zaman başqa anlayışlarla qarışdırılır. Sizin üçün qadın azadlığı nədir və harada məhdudlaşır?

- İstənilən insanın azadlığı digər şəxsin hüquqları başlayan yerdə dayanır. Hər yerdə qarşılıqlı hörmət lazımdır və hər kəs hüququnu qorumağı bacarmalıdır. Əgər şəxs hüququnu yaxşı bilirsə, o başqasının da hüquqlarına hörmət edəcək. Təəssüf ki, bəzi hallarda qadınlara hüquqlarını öyrənməyə qoymurlar, düşünürlər ki, bu cür olan halda onlar yolunu azar və yaxud da ki, tələbləri çox olar və sair. Amma tərəflər öz hüquqlarını bilsə, cinslər arasında bir tərəfin üstünlüyü görünməz, reallığı dərk edərlər. Bizim ən böyük problemimiz odur ki, təxəyyüldə, alt şüurda olan normalarla yaşayırıq. Elə ailələr var ki, qarşı tərəf deyir ki, mənə filan-filan tələblər qoyulur. Bu kişiyə də, qadına da aiddir, amma qadının kişiyə gücü çatmadığından daha çox tələb qoyur və hesab edir ki, evlənibsə, kişi qadının bütün yükünü götürməlidir. Bu artıq formalaşan stereotiplərdir, amma burada əsas məsələ qarşılıqlı hörmət, reallığı qiymətləndirmək, qədərindən artıq yükü qoymamaq, qarşı tərəfin psixoloji durumunu qiymətləndirməkdir.

 
- AXC dövründə qadınlara səs vermə hüququ verildi, biz dedik ki, qadın azadlığı budur. SSR-də qadınlar sosial-siyasi həyatda kişilərlə bərabər imkanlar yaradıldı, hicabı atdılar, biz dedik ki, qadın azadlığı budur. Bəs müstəqil Azərbaycanda qadın azadlığı dediyimiz anlayışı nə ilə ölçə bilirik?


- Qadınlara həmişə kişilər tərəfindən azadlıq verilib. Bu bir sistemdir, qaydadır və ya mübarizə roludur. İnsan ruhu azad olmalıdır. Sənə nə qədər azadlıq versələr də, özünü tanımır, dərk etmir, qəbul etmirsənsə, o azadlığı boş yerə xərcləmiş olacaqsan. Bu baxımdan insan ruhən, daxilən azad olmağı bacarmalı və elə tərbiyə almalıdır. Fikrini ifadə etmək, düşünmək azadlığı müstəqil Azərbaycanda qadınlara və kişilərə verilən əsas azadlıqdır. Konstitusiya və digər bütün qanunvericiliklərdə kişi və qadın bərabər olduğu vurğulanır. Amma azadlığın özü də qanuni normativ haldır, sən nə qədər azadsansa, o qədər qanunu üstün tutur və onun normalarına riayyət edib, qoruyursan. Bu mədəniyyət, ənənə, düşüncə tərzi faktorudur. 100 ildən çox müddətdə Azərbaycan qadınları müxtəlif səpkilərdə hərəkatları olub, amma azadlıq üçün hədəf olmalıdır – nəyi, necə istəyirik. Tutaq ki, Konstitusiya bizə bütün bərabərliyi verib, baxırıq hansısa boşluq var onunla bağlı təkliflər veririk. Burada qadınların həmrəyliyi və birlikdə hərəkatı önəmlidir. Eyni dəmirə çəkici eyni vurmaq lazımdır. Əgər bir qadın hərəkatında hərə bir söz desə əlbəttə ki, ətrafdakılar da özlərini, hədəflərini müəyyən etməyən, istədikləri bəlli olmayan adamları heç kim ciddiyə almayacaq.


- Bu gün Azərbaycan qadını azadlığını harada istifadə etdiyini bilirmi?


- Ailə içində əksər vaxtında yox. Azadlıqla manipulyasiya edən də, qanun çərçivəsində tələb edən də var. Müəyyən insanlar var ki, qanunu yaxşı bilir, hüquqlarını tələb etməyi bacarır. Müəyyən statusu olan adamlar isə bəzən manipulyasiya edir. Azərbaycanda hər kəs azaddır – istədiyimiz ölkəyə gedə bilir, istədiyimiz paltarı ala bilir, istənilən məktəbə təhsil almağa gedə bilirik. Azadlığın əsas normaları da budur. Biz təhsil ala bilməsək, tibbi xidmətdən bəhrələnməsək, sərhədi keçə bilməsək və yaxud fikrini ifadə edə bilmədikdə azadlıq məhdudlaşmış sayılır.


Hər bir ölkənin ənənəvi davranış modeli var. Bizdə əksər vaxt qadınlar hansısa qərar qəbul edəndə, mütləq şəkildə ailə içində olan kişilərlə razılaşırlar. Bunu bir çoxları qadın hüquqlarının məhdudlaşması kimi başa düşür, amma bu bir mədəniyyət və hörmətdir. Sən bir ailəsənsə, qərarı da birlikdə almalısan. Hüquqi baxımdan nə qədər azadlıq verilsə də, ailə daxilində bu normalar tənzimlənməli və azadlıq qarşılıqlı hörmət və anlayış hissi ilə qarışdırılmamalıdır. 

- Azərbaycanın bütün sahələrində olan qanunvericilikdə, eyni zamanda ratifikasiya etdiyi bütün beynəlxalq qanunlarda kişi və qadınlar arasında hüquqi baxımdan heç bir ayrı-seçkilik yoxdur. Bəs praktikada da bunu görə bilirikmi?


- Qadın kifayət qədər məsuliyyət və öhdəliyini anlayır, amma bilir ki, iş məsələsində onun üzərinə böyük yük və heç olmayacaq qədər gözlənti var. Sabahları qadın hansısa işi bacara bilməyəndə ona olan qınaq kişilərə qarşı olmur. Qadına verilən hüquqların reallıqda baş verməməsi cəmiyyətlə bağlıdır. Bu baxımdan da qadın qarşılaşacağı riskləri ölçür və o risk nə qədər çox olsa, o qədər işdən uzaq qaçır. Bu gün Azərbaycanda qadınlar üzərində stereotiplər getdikcə daha da artır, getdikcə qadınları daha çox çərçivəyə salırıq. İctimai-siyasi həyatda aktiv olan qadına hələ də normal baxmağı bacarmırıq. Mənim yadıma gəlir, bir neçə il əvvəl rayonların birində qadın icra hakiminin müavini qadın idi, həmin qadın sırf o işdə işləyir deyə ailə həyatı qura bilmədi, özü də çox gözəl, savadlı xanım idi. Görürük ki, qadınlar hətta sosial şəbəkələrdə fikirlərini yaza bilmir, o saat qınaq obyekti olur, təqib və təzyiqə məruz qalır. Ola bilər ki, belə bir cəmiyyətdə biz həmin zorakılıqları o qədər də hiss etmirik, amma sosial mediada qadına qarşı daha qəddar, tələbkar insanların olduğunu, qadınların hüquqlarının orada daha çox məhdudlaşdırıldığının şahidi oluruq. Əvvəllər qadın və kişilər eyni idman zallarını gedirdi, bu gün bunu görmək o qədər də mümkün deyil. Bu cür məhdudiyyətlər yavaş-yavaş bütün sahələrə təsir edir və qadınlar cəmiyyətdən tədricən təcrid olunur.


- Bəziləri düşünür ki, qadınların rəhbərlik etdiyi qurumların vəziyyəti sırf rəhbər vəzifədə qadınlar çalışır deyə bərbaddır. Bura da təhsil, mədəniyyət kimi sahələri misal göstərirlər. Siz bu barədə nə düşünürsünüz?


- Bu məsələyə birmənalı yanaşmanı qəbul etmək olmaz. Məndə razıyam ki, müxtəlif sahələrdə qadın və kişilər eyni səviyyədə çalışsınlar. Hər iki cinsin özündən asılı olmayan davranış modelləri var və bu ikisi birlikdə harmoniya təşkil edir. Bu gün məktəblərdə qadın müəllimlərlə birlikdə kişilər də olmalıdır, eyni zamanda  nəqliyyat sahəsində də kişilərlə bərabər qadınlar çalışmalıdır. İnsanları müxtəlif sahələrdə işləyə bilməsini, uğurlu ola biləcəyini cinsinə görə yox savadına, dünyagörüşünə, praktiki biliklərinə görə təyin etmək lazımdır. 


- Statistikalar göstərir ki, 2020-ci ildən etibarən Azərbaycanda boşanmaların sayı çoxalıb. İnsanların əksəriyyəti bu prosesdə qadınları günahlandırır, onların adi səbəblərdən boşandıqlarını bildirirlər. Ümumiyyətlə bu prosesin silsilə halında çoxalması nə ilə əlaqələndirirsiniz və əsas səbəblərini nədə görürsünüz?


- Boşanmaların səbəbi statistikası əgər dəqiq ifadə olunsa, biz onda görə bilərik ki, burada əsas səbəblər nədir, insanlar niyə boşanır. Amma bu sahələrdə ciddi təhlillər, tədqiqatlar görmürük. Ancaq bu tədqiqatlar ola biləcəyi təqdirdə ittiham yerinə həqiqi reallığı görə və hadisələrin həqiqi mahiyyətini, səbəbini öyrənib, çıxış yolları tapa bilərik. 


Məsələn statistika bizə göstərir ki, bir ildə ölkədə 4000-ə qədər nikahdan kənar uşaq doğulub və onlardan 15-17 yaş həddində uşaq dünyaya gətirən qadınların sayı bu qədərdir. Bu statistikanın içində erkən nikah sayı, zorlanmadan sonra uşaq dünyaya gətirənlərin sayı, qeyri-rəsmi evliliklərdən dünyaya gələn uşaqların sayı verilmir. Bunlar olsa, səhnəni aydın şəkildə görə bilərik, bunlar olmadığı üçün asanlıqla qadınları günahlandırırlar. 


- Cəmiyyətin hər sahədə qadınları günahlandırmaq istəyi, ehtiyacı nədən qaynaqlanır? 


- Mən bir dəfə tədqiqat apardım. Ailə modellərin soruşdum və biz gördük ki, ölkəmizdə kifayyət qədər ailə modelləri var. Tədqiqatımız göstərdi ki, uşağa yönəlik – nəsil artırmaq üçün ailələr var, patriarxa, hətta bəzən matriarxat ailələr var, amma sorğuya cavab verənlərin əksəriyyəti bərabərhüquqlu ailə tərəfdarı idi. Sorğunun dərinliyinə gedəndə isə görürsən ki, bu bərabərlik səthi qəbul edilir və kişilər qarşı tərəflə tam bərabər hüquqlu davranış sərgiləyə bilmir. Məsələn sorğuya cavab verənlər “özünü yaxşı aparmasa”, “filan şeyləri etsə” kimi ifadələr də işlədir. Buradakı bərarabər, eyni zamanda davranışı necə qəbul edəcəklərinə görə dəyişir. Hələ də rayonlarda qonağı, evə gələni qadının qarşılaması normal baxılmır. Bunun müəyyən səbəbləri ola bilər, ümumilikdə götürsək hər bir işin arxasında qorunma hissi var. İndiki dönəmdə də kişilər zorakılığı qoruma instikti kimi qələmə verirlər. Məsələn sosial şəbəkəyə daxil olma, orada kimsə sənə yazar və sair. Amma reallıq ondan ibarətdir ki, psixoloji olaraq kişilər bu məsələlərdə özünü daha çox düşünür. Bu səbəbdən qadını elə öyrətmək lazmdır ki, cavabını verə bilməyi bacarsın. Əgər bir qadına evlilik dövründən güvənildiyi göstərilsə və lazımi adamlara lazımi cavab verə bilməyə imkan yaradıldığı və problemlərin qarşı tərəfə deyə biləcəyi göstərilsə ailə içi problemlər o zaman həll oluna bilər. Sığınacağa kiməsə etika xətrinə cavab verdiyi üçün ailəsi tərəfindən az qala öldürüləcək insanlar gəlir...


Zorakılıqlar, qadınların cəmiyyətdə qəbul edilməməsi mədəni faktorla əlaqəlidir. Baxın, son zamanlarda mədəniyyət səviyyəsi aşağı düşdükcə zorakılıq artır. Bunun üçün də Mədəniyyət Nazirliyinin, bu sahədə çalışan müxtəlif qurum və şəxslərin üzərinə daha çox yük düşür. Reallıq isə tamamilə fərqlidir, kinolarda, televiziya proqramlarında zorakılıq təbliğ olunur, amma bunu azaltmaq mümkündür. Çünki bizim əhali təlqinə meyillidir, başqa ölkəyə gedəndə davranışlarını bir günün içində korrektə edirlər, çünki ətrafdakıların onlara qəribə baxacaqlarından qorxurlar. Əgər bütün cəmiyyət mədəni davransa, bir-birlərinə qarşılıqlı hörmət etməyi bacarsa, zorakılıq məsələləri də azalacaq. 


Eyni zamanda bizim ölkədə qanunun aliliyinə hörmət etməmək də, zorakılığı artırır. Hələ də qadın mənimdir, uşaq mənimdir özüm bilərəm düşüncələri var. Sanki onlar əmlakdır kimi davranırlar.


 

- Son illər Azərbaycanda həm keysəriyyə doğuşların, həm də estetik əməliyyatların artması müşahidə olunur. Sizcə, qadınlar arasında bu tendensiyalar nədən qaynaqlanır?


- Qadın da, kişi də ailə içindədirsə, o, birgə qərar verməlidir. Ailədə uşağı tərbiyə etmək də, uşağı necə dünyaya gətirəndə də, bunu istəyəndə də birlikdə qərar verməlisən. Yadıma gəlir, bir müddət əvvəl 40 yaşlı qadın bizə müraciət etmişdi. Nikahdan kənar münasibətdə olduğu kişidən hamilə qalmışdı və o, uşağı dünyaya gətirmək istəyirdi. Kişinin isə uşaqları olduğu üçün istəmirdi və qabaqcadan fikirlərini bildirmişdi. Daha sonra o uşağa alimet üçün məhkəməyə müraciət etdi. Reallıq göstərir ki, qadın qarşı tərəfin fikrini nəzərə almadan öz istəyini reallaşdırıb. Ailə münasibətlərində iki tərəfin fikirləri hər zaman nəzərə alınmalıdır. Birdə var ki, bu məsələ artıq həkimlər tərəfindən təklif edilən üsuldur və burada bəzən qadının fikri belə, nəzərə alınmır. Bu cür olduqcda qadınlar arasında da fikir formalaşdır ki, keysəriyyə doğuş daha yaxşıdır, nəticədə təbii doğuşdan imtina başlayır. 


Estetik əməliyyat və xarici görünüşə gəldikdə isə qadın nə qədər səliqəli və özünə diqqət edəndirsə, cəmiyyət ona daha çox hörmət edir və o cür qadınla ünsiyyətdə olmaqdan şərəf duyurlar. Burada da tək xarici görünüş yox, silsilə şəkildə danışıq, davranış da aiddir. Biri də var ki, qadınlar tamamilə xarici görünüşünü dəyişir. Bu özgüvənin az olmasından, komplekslərdən xəbər verir. İnsanlar oxumur, inkişaf etmirlər, buna görə bu cür prosedurlara üz tutaraq özgüvənlərini bərpa etməyə çalışırlar. Estetik əməliyyatlar, bədən şəkilləndirmələr ifrat dərəcədə olanda tək kişilər tərəfindən yox, ümumilikdə cəmiyyətin bütün fərdləri tərəfindən mənfi qarşılanır. Çünki insanlar özünəməxsusluğu itirir, bu baxımdan mən də düşünürəm ki, ifrat dərəcədə estetik əməliyyat normal deyil.


- Qadınlara qarşı zorakılığın cəmiyyətə hansı mənfi təsirləri var?


- Beynəlxalq aləmdə zorakılığı dayandırmanın əsas mahiyyəti ondan ibarətdir ki, zorakılıqlar istehsalata zərər verir. Çünki qadın işdən qalır, iş keyfiyyəti azalır və sair. Aparılan tədqiqatlar da onu göstərir ki, zorakılıq ölkə büdcəsinə çox ciddi təsir edir. Bu baxımdan çalışan qadınlar, müəllimlər, həkimlər evdə zorakılığa məruz qaldıqları təqdirdə onun iş keyfiyyəti də bir o qədər aşağı düşəcək və bu gün müşahidələrimiz onu deməyə əsas verir ki, zorakılığa məruz qalan ali təhsilli və çalışan qadınlar bu barədə susur, cəmiyyətdə nüfuzunu itirmək istəmirlər. Nəticədə onlar ikili həyat yaşayır – daxilən əzablar içərisindədir və bu barədə danışmırlar, reallıqda isə bunu deməyərək gizlətməyə çalışır. Amma daxilindəki qəzəbi müxtəlif yollarla işə də, digər insanlarla münasibətinə də təsir edir. Təəssüf ki, həmin qadınlar zorakılığa bir növ boyun əymiş olur. 

Chosen
28
7
modern.az

8Sources