EN

"Avropa Trampın "sülh planı"nı rədd edib" - "Reuters"

"Vaşinqtonun bəzi ideyaları çox güman ki, Moskvaya da xoş gəlməyəcək..."
 
Avropa Birləşmiş Ştatların Ukrayna müharibəsi ilə bağlı təklif etdiyi "sülh planı"nın bəzi bəndlərinə qəti şəkildə qarşı çıxır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
 
Xüsusilə, planın bəndlərindən biri Rusiyanın Krımı qeyri-qanuni ilhaq etməsinin tanınmasını nəzərdə tutur, bu isə nə Avropa, nə də Ukrayna üçün qəbuledilən deyil. Bundan əlavə, avropalı diplomatlar bəyan edib ki, Avropa danışıqlar yekunlaşmadan Rusiyaya qarşı sanksiyaların ləğvinə "qəti şəkildə qarşıdır".
 
Fransa xarici işlər naziri Jan-Noel Barro bəyan edib ki, ötən həftə Avropa dövlətləri ABŞ-a potensial sülh sazişində müzakirə olunmamalı olan məsələlərlə bağlı mövqelərini ətraflı şəkildə çatdırıb. O, bu həftə razılığın əldə olunması imkanlarını isə skeptik qiymətləndirib.
 
"Reuters"-in məlumatına görə, Vaşinqtonun bəzi ideyaları çox güman ki, Moskvaya da xoş gəlməyəcək. "Məqalədə deyilir ki, iki diplomatın sözlərinə görə, ABŞ Rusiya tərəfindən irəli sürülən Ukraynanın demilitarizasiyası tələbinə dəstək vermir və gələcək təhlükəsizlik zəmanətləri çərçivəsində Avropa qüvvələrinin iştirakına qarşı deyil".
 
Nəşr onu da xatırladır ki, ABŞ Dövlət katibi Marko Rubio Londona planlaşdırılan səfərini ləğv edib. Həmçinin, Birləşmiş Krallıq, Ukrayna, Fransa və Almaniya xarici işlər nazirlərinin də iştirak etməli olduğu görüş təxirə salınıb.
 
Avropalı diplomatlardan birinin sözlərinə görə, Rubio Ukraynanın əvvəlki sərt mövqeyinə qayıda biləcəyindən narahatdır, bu isə danışıqlarda hər hansı bir irəliləyişin mümkünsüzlüyü deməkdir.
 
Trampın "sülh planı"
 
KİV-lərin yazdığına görə, Tramp tərəfindən təklif olunan sülh planı Krım üzərində Rusiyanın nəzarətinin tanınmasını, həmçinin Rusiya tərəfindən işğal edilmiş əksər Ukrayna ərazilərinin "de-fakto tanınmasını" və Rusiyaya qarşı sanksiyaların ləğvini nəzərdə tutur.
 
Plana əsasən, Ukraynaya yalnız Xarkov vilayətinin kiçik bir hissəsinin qaytarılması və konkretləşdirilməmiş "etibarlı təhlükəsizlik zəmanəti" təklif olunur. "The Wall Street Journal" nəşri isə yazıb ki, Avropa təhlükəsizlik zəmanətləri və iqtisadi dəstək müqabilində Krım və bəzi digər işğal olunmuş Ukrayna əraziləri üzərində Rusiyanın nəzarətini tanımağa hazır ola bilər.
Chosen
56
8
moderator.az

7Sources