EN

Bu əlamətlər varsa, dərhal həkimə müraciət edin!

Qaraciyər xərçəngi uzun müddət əlamətsiz irəlilədiyi üçün tez-tez gec mərhələdə aşkarlanır. Mütəxəssislər vurğulayır ki, iştahsızlıq, halsızlıq, sarılıq və qarında ağrı kimi əlamətlərə biganə yanaşmaq həyati təhlükə yarada bilər.


Pravda.az qaraciyər xərçəngi ilə bağlı vacib məlumatları təqdim edir:


Hər il milyonlarla insana xərçəng diaqnozu


Qaraciyər xərçəngi nədir?


Qaraciyər qarın boşluğunun yuxarı sağ tərəfində, diafraqmanın altında və mədənin üst hissəsində yerləşən, dəridən sonra bədəndəki ən böyük orqandır. Qaraciyər orqanizmdə bir çox funksiyanı yerinə yetirir – zəruri maddələrin istehsalı, immun sistemin dəstəklənməsi, həzm və detoksikasiya kimi. Qaraciyər xərçəngi isə ya birbaşa qaraciyər hüceyrələrindən (primer), ya da digər orqanlardakı xərçəng hüceyrələrinin qaraciyərə yayılması nəticəsində (metastatik) yaranır. “Hepatik xərçəng” olaraq da adlandırılan bu xəstəliyin müxtəlif növləri mövcuddur və həm xoşxassəli, həm də bədxassəli ola bilər.


Primer və sekonder xərçəng


Xərçənglər ilkin yaranmış orqana görə adlandırılır. Bu hüceyrələr həmin orqandan çıxaraq başqa yerlərə yayılarsa, bu halda “sekonder xərçəng” adlandırılır.


Hepatosellüler karsinoma


Qaraciyər xərçənginin ən çox rastlanan növüdür. Xüsusilə kişilərdə qadınlara nisbətən daha çox müşahidə edilir və yaş artdıqca risk də yüksəlir. Digər qaraciyər xərçəngi növlərinə isə safradan başlayan xolanjiyokarsinoma, damar mənşəli anjiosarkoma və əsasən uşaqlarda görülən hepatoblastoma daxildir.


Qaraciyər xərçənginin yaranma səbəbləri arasında əvvəlki qaraciyər zədələri, hepatit virusu infeksiyası, şəkərli diabet, ailədə qaraciyər xərçəngi keçmişi, siqaret istifadəsi və anabolik steroidlər sayılır.


Hansı hallarda mütəxəssisə müraciət olunmalıdır


Qəfil və izah olunmayan arıqlama,

Uzun müddətli iştahsızlıq və az yeməyə baxmayaraq doymuşluq hissi,

Davamlı xəstəlik və yorğunluq hissi,

Qarında ciddi ağrı və ya şişkinlik,

Sidiyin tündləşməsi və nəcis rəngində dəyişiklik,

Yüksək temperatur, tərləmə və qaşınma,

Dəridə sarılıq müşahidə olunursa, mütləq həkim müayinəsi vacibdir.


Qaraciyər xərçəngində diaqnoz və müalicə prosesi


Bütün xəstəliklərdə olduğu kimi, qaraciyər xərçəngində də ilk mərhələ həkim müayinəsidir. Bu mərhələdə qaraciyər və dalağın böyüyüb-böyümədiyinə, bədəndə maye toplanması və ya dəridə sarılıq olub-olmadığına baxılır. Daha sonra qan analizləri, ultrasəs müayinəsi, KT, MRT kimi görüntüləmə üsullarından istifadə olunur. Xəstəliyin inkişaf mərhələsində isə biopsiya ilə qaraciyərdən toxuma nümunəsi götürülərək mikroskop altında analiz edilir.


Əgər xəstəyə qaraciyər xərçəngi diaqnozu qoyularsa, onun hansı mərhələdə olduğu və hansı müalicə üsulunun tətbiq ediləcəyi müəyyənləşdirilir. Kiçik ölçülü şişlər cərrahi müdaxilə ilə çıxarıla bilər. Xəstəlik yayılmayıbsa, ətraf toxumalara zərər vermədən şişin çıxarılması vacib addımdır.


Müalicədə lokal metodlardan da istifadə olunur:


Xərçəngli hüceyrələrin yandırılması və ya dondurulması,


Kimyəvi dərmanların qaraciyərə birbaşa vurulması,

Radiasiya daşıyan mikrosferlərin qaraciyərə yerləşdirilməsi.


Eyni zamanda, hədəfə yönəlik dərmanlar və dəstəkləyici müalicələrlə də xəstəlik nəzarətdə saxlanıla bilər. Müalicə bitdikdən sonra isə xəstənin müəyyən aralıqlarla mütəmadi olaraq nəzarətdə qalması vacibdir.


Əminə Bayramova 

Tarix: 23 Aprel 2025, 13:58   
Chosen
53
15
pravda.az

10Sources