EN

Zənginlər, yoxsa kasıblar daha xeyirxahdır? - alimlərdən araşdırma

 
"Yüksək təbəqədən olan insanlar öz səxavətlərinin sosial nüfuz baxımdan tanınmasını istəyir..."
 
Alimlərin gəldiyi nəticəyə görə, zəngin insanlar kasıblardan bir qədər daha mehriban olur, baxmayaraq ki, bu fərq çox böyük deyil.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.
 
Niderland, Çin və Almaniyadan olan mütəxəssislər 1968-ci ildən bu günə qədər aparılmış 471 müstəqil araşdırmanın nəticələrini təhlil edib. Bu tədqiqatlara ümumilikdə 2,3 milyon insan cəlb olunub. Nəşr yazır ki, tədqiqatçılar beş onillik ərzində dünyanın müxtəlif ölkələrindən olan insanların məlumatlarını təhlil edib.
 
Mütəxəssislər müəyyən edib ki, kasıb insanlar başqalarına qarşı daha az səxavətli və xeyirxah davranış nümayiş etdirir, çünki bunu etmək onlar üçün maddi baxımdan daha çətindir. "Resursların məhdudluğu aşağı sosial təbəqədən olan insanlar üçün sosialyönümlü davranış (yəni başqalarına kömək etmək) daha baha başa gəlir", - alimlər bildirir.
 
Psixologiyada belə bir fikir var ki, aşağı gəlirli insanlar daha xeyirxah və səxavətli olur, çünki bu yolla çətin dövrlərdə onlara dəstək ola biləcək sosial əlaqələri gücləndirir. Əks fikrə görə isə, zəngin insanlar daha səxavətli və xeyirxahdır, çünki onlar bunu asanlıqla edə bilir.
 
Alimlərin sözlərinə görə, dünyanın müxtəlif "sosiomədəni kontekstlərində" bu iki fərqli nəzəriyyəyə uyğun müxtəlif nəticələr əldə etmək mümkündür. Məhz bunu öyrənmək üçün Niderland, Çin və Almaniyadan olan tədqiqatçılar 1968-ci ildən bu yana aparılmış 471 müstəqil araşdırmanın nəticələrini  təhlil edib.
 
Bu araşdırmalarda sosial təbəqə (gəlir və təhsil səviyyəsi) və sosialyönümlü davranış, yəni başqalarına və ya cəmiyyətə kömək etməyə yönəlmiş fəaliyyətlər araşdırılıb. Bu cür davranışlara yardım, paylaşma, ianə vermə, əməkdaşlıq, könüllülük, başqalarını təsəlli etmək və heyvanlara qayğı daxildir.
 
Ümumilikdə 60 ölkədən, o cümlədən Çin, ABŞ, Almaniya, İspaniya, İtaliya, Kanada, İsveç və Avstraliyadan olan 2,3 milyondan çox insanın (uşaq, yeniyetmə və böyüklərin) məlumatları öyrənilib. Təqdiqatın nəticələrinə görə, sosial status yüksəldikcə sosialyönümlü davranış səviyyəsi də artır, bu da zənginlərin daha xeyirxah olması ilə bağlı nəzəriyyəni təsdiqləyir.
 
Araşdırma müəllifi, Amsterdam Vere Universitetindən psixoloq professor Paul van Lanqe bildirir ki, bu fərq kiçik olsa da, statistik baxımdan əhəmiyyətlidir. O deyir ki, yüksək sosial təbəqə ilə daha çox xeyirxahlıq arasında əlaqə bütün yaş qruplarında, cəmiyyətlərdə, qitələrdə və mədəniyyətlərdə özünü göstərir.
 
"Biz sosial təbəqəni hansı üsulla ölçsək də, yüksək sosial təbəqə ilə daha çox sosialyönümlü davranış arasında zəif, amma müsbət bir əlaqə tapdıq", - professor qeyd edir.
 
Maraqlıdır ki, zənginlər arasında bu əlaqə o zaman daha güclü olurdu ki, onların xeyriyyəçiliyi başqaları tərəfindən görünürdü. Bu isə onu göstərir ki, yüksək təbəqədən olan insanlar öz səxavətlərinin sosial nüfuz baxımından tanınmasını istəyir.
 
Bundan əlavə, əsl davranışlar (real fəaliyyət) niyyətlərə (yəni sadəcə niyyətə) nisbətən daha güclü əlaqə göstərib, bu da onu göstərir ki, aşağı gəlirli insanlar da səxavətli olmaq istəyir, amma bu, onlara çətin başa gəlir.
 
Professor van Lanqe həmçinin qeyd edib ki, bəlkə də aşağı sosial təbəqədən olan insanlar yaxın ətraflarına qarşı daha çox, ümumilikdə isə bütün insanlara nisbətən daha az xeyirxahlıq göstərir.
 
Yeni araşdırma Çin Elmlər Akademiyasından Tszyunhuy Vunun rəhbərliyi ilə aparılıb və "Psychological Bulletin" jurnalında dərc olunub. Alimlər bu nəticələrin aşağı təbəqədən olan insanlar üçün xeyirxah davranışa mane olan struktur baryerləri aradan qaldırmaqda siyasətçilərə və mütəxəssislərə yardım edə biləcəyini bildirir.
 
Araşdırma müəllifləri deyir: "Bu araşdırma müxtəlif sosial təbəqələr arasında əməkdaşlıq və xeyirxahlıq üçün təşviqedici tədbirlər haqqında siyasətçilərə faydalı məlumatlar təqdim edə bilər".
 
Qeyd edək ki, ötən il aparılan başqa bir araşdırmaya görə, bizim nə dərəcədə xeyirxah olduğumuz yuxudan asılı ola bilər. Digər bir tədqiqat isə hədiyyə verməklə edilən xeyirxahlığın qan təzyiqini və ürək döyüntüsünü azaltdığını göstərib.
Chosen
36
5
moderator.az

6Sources