EN

Uşaqlar niyə evdən qaçırlar? - Mütəxəssislər səbəbləri açıqladı

Son dövrlər Azərbaycanda itkin düşən uşaqların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Bu hal cəmiyyətdə ciddi narahatlığa səbəb olmaqla, bir sıra sosial və hüquqi problemləri də gündəmə gətirir. Mütəxəssislər bildirirlər ki, bu cür halların artması təsadüfi deyil və arxasında müxtəlif sosial, psixoloji və iqtisadi səbəblər dayanır. İtkin düşmə hallarının əsas səbəbləri sırasında ailədaxili münaqişələr, sosial təcrid, maddi çətinliklər və psixoloji gərginliklər xüsusi yer tutur. Bəzi hallarda hüquq-mühafizə orqanlarına gec məlumat verilməsi və mövcud hüquqi mexanizmlərin yetərincə effektiv olmaması da prosesə mənfi təsir göstərir.
 
Məsələ ilə bağlı Teleqraf-a danışan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin məsləhətçisi Bahar Həsənli bildirib ki, son dövrlərdə uşaqların yaşadıqları ünvanı tərk etməsi halları aidiyyəti dövlət qurumlarını və cəmiyyəti narahat edən əsas problemlərdən birinə çevrilib.
 
Onun sözlərinə görə, bu cür halların baş verməməsi üçün ilk növbədə valideynlərin üzərinə ciddi məsuliyyət düşür: “Valideynlər uşaqlara qarşı diqqətli və səbirli olmalı, onların davranışlarına nəzarət etməli, eyni zamanda övladlarıyla dost münasibəti qurmalıdırlar. Valideyn məsuliyyətsizliyi bəzən uşaqları düzgün olmayan addımlar atmağa sürükləyə bilər.

Bu halların meydana çıxmasına səbəb olan amillərdən biri internet və oyun asılılığıdır. Sosial şəbəkələrdə uzun müddət vaxt keçirən uşaqlarda bəzən psixoloji gərginlik müşahidə olunur. Virtual dostlar, sosial media təsirləri və ya oyuna aludəçilik uşaqların gerçək həyatdan uzaqlaşmasına, hətta depressiyaya düşməsinə gətirib çıxara bilər. Digər mühüm səbəblərdən biri ailədaxili zorakılıq və təzyiqlərdir. Psixoloji və fiziki zorakılığa məruz qalan uşaqlar çıxış yolunu evdən uzaqlaşmaqda görürlər. Yeniyetmələr bu addımı problemin həlli kimi qəbul etsələr də, onları evdən kənarda gözləyən təhlükələr barədə düşünməyə bilərlər.
 
Mövcud vəziyyətlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müvafiq qurumlarla birgə araşdırmalar aparır. Hazırda Komitənin 11 rayonda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri bu və digər problemlərin həlli istiqamətində müvafiq orqanlarla əməkdaşlıq edir”.
 
O qeyd edib ki, Dövlət Komitəsi tərəfindən uşaqlar və valideynlər üçün profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə maarifləndirici təlimlər, tədbirlər və konfranslar təşkil olunur.
 
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə isə hesab edir ki, uşaqların evdən qaçma halları həmişə olub, burada ailə faktoru nəzərə alınmalıdır:
 
“Ailə münasibətlərində daimi gərginlik bunun əsasında duran başlıca amildir. Həm bizim, həm də aidiyyəti qurumların sosial şəbəkədə aktiv paylaşımları valideynlərin müraciət sayını artırıb. Bu gün bizim ən böyük faciəmiz ailə modelində ciddi problemlərin olmasıdır. Ailə modeli ilə yanaşı, digər məsələlər də var.

Bu yaxınlarda regionların birindən sığınacağa bir qız yerləşdirildi. O, erkən nikaha məcbur edilirdi. Bizimlə danışanda deyirdi ki, anası dünyasını dəyişəndən nənəsi atasına evlənmək üçün qadın axtarırmış. Atası üçün isə kiminlə evlənəcəyi önəmli deyildi. Heç kim uşaqlı bir kişi ilə evlənmək istəmirdi. Qadınlar təki ailəm olsun düşüncəsilə, kişilər isə kim olur olsun, uşaqlarıma baxsın deyərək yola çıxır. Nəticədə də bundan zərər çəkən uşaqlar olur”.
 
Kəmalə Ağzadə əlavə edib ki, məsələni araşdıranda uğursuz münasibətlər, təsadüfi eviliklər, yalançı atalıq, analıq səbəbləri önə çıxır:
 
“Apardığımız təhlillərdən məlum olur ki, belə uşaqlar kənarda qalan, diqqətdən yayınan uşaqlardır. Demək, beləsinin evdən qaçmasına heç kimin onunla maraqlanmaması səbəb verib. Bəzən uşaq məktəbə getmir. Bəlkə məktəbdə onu geyimi, saç düzümü, bilik səviyyəsi kimi amillərə görə qınayırlar. Bunlarla valideyn maraqlanmalıdır.
 
Onu da deyim ki, daha çox 13-17 yaş aralığında olan uşaqlar evdən qaçmağa meyilli olurlar. 15-17 yaş aralığında isə bu göstərici daha yüksəkdir. Azərbaycanda orqan mafiyası yoxdur. Uşaqların orqan transplantasiyası ilə bağlı oğurlanması inandırıcı deyil. Ölkəmizdə orqan transplantasiyası ciddi nəzarətdə saxlanılan məsələdir. Bizdə hər hansı gizli laboratoriya aşkarlanmayıb.
 
Cinayətkar qruplara meyillənmə təhlükəsi, əlbəttə, var. Sosial şəbəkələr üzərindən insan alverinin ən çox cinsi istismarına yol açan məqamlarından danışmaq olar. Bu sahədə dövlət qurumları öhdələrinə düşəni yerinə yetirməsi üçün koordinasiyalı fəaliyyət olmalıdır. Uşağın müdafiəsi bir neçə qurumun üzərindədir. Bu isə koordinasiyalı şəkildə idarə edilməlidir. Bu istiqamətdə milli koodinator olmalıdır”.
 
Psixoloq Ruhiyyə Rüstəmova da uşaqların evdən qaçmasının səbəbləri sırasında ailə daxilindəki münasibətləri, valideynlərin davranışlarını mühüm amil sayır:
 
“Bəzi aqressiv valideynlər uşaqlarıyla düzgün davranmırlar. Ailədə şiddət, sərt cəzalar varsa, bu hallar uşağın evdən qaçmasına səbəb ola bilər. Uşaqlar bu yaş dövründə özlərini çarəsiz hiss edir və yalnız bir çıxış yolu görürlər: evdən getmək. Bəzən də belə mühit onların özlərinə qəsd etməsi və ya evdən qaçaraq yanlış dostluqlara və davranışlara yönəlməsi ilə nəticələnir”.

Psixoloqun fikrincə, uşaqların evdən qaçmasının əsas səbəblərindən biri də valideynlərlə az ünsiyyətdə olmalarıdır: "Bəzən çox dürüst ailələrdə də yanlış davranışlı övladlar yetişə bilər. Niyə? Çünki valideynlər övladlarına vaxt ayırmırlar. Bəzi hallarda beş yaşdan sonra uşaqlar ailəyə hədə-qorxu gəlməyə başlayırlar. “Evdən gedəcəyəm”, “sizi istəmirəm”, “bu ailəni xoşlamıram” kimi cümlələri məhz həmin yaş dövründə deyə bilirlər. Bu fikirlər psixoloji seanslarda müşahidə edilən hallardır. Bu, uşağın inkişaf səviyyəsindən və düşüncə tərzindən asılıdır.
 
Bəzi uşaqlar bu davranışları 6-7 yaşlarında göstərirlər. Yəni onlar hələ evdən qaçmaq fikrinə çatmayıblar, sadəcə küsüb otaqlarına çəkilirlər. Daha yetkin və inkişaf etmiş uşaqlar isə sosial şəbəkələr və internetdə gördükləri məlumatları öz həyatlarına uyğunlaşdıraraq bu cür qərarlar verə bilirlər.
 
Valideynlər mütləq şəkildə övladları ilə dürüst və səmimi vaxt keçirməlidirlər. Əgər uşaqda psixoloji narahatlıq, davranış pozuntuları və ya qeyri-adi ifadələr müşahidə olunarsa, gecikmədən mütəxəssislərə müraciət edilməlidir”.

 

Chosen
36
12
moderator.az

10Sources