Kaxaber Sxadadze Azərbaycan çempionatlarının tarixinə yüksək dəstədə üç fərqli klubda çalışan ilk legioner baş məşqçi kimi düşüb.
Arena.az xəbər verir ki, 2008-ci ildə “Standard”, 2009-2015-ci illərdə “İnter”i (indiki “Şamaxı”) çalışdırmış gürcüstanlı mütəxəssis ötən gün “Qəbələ”də debüt edib.
Onun debütü Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün “Qarabağ”la 23-cü turdan təxirə salınmış matçına təsadüf edib. Sxadadzenin yetirmələri 0:4 hesabı ilə uduzublar.
Kaxaber Sxadadze 3204 gündən sonra Premyer Liqaya qayıtmaqla bu rekorda imza atıb. Onun “İnter”dəki son matçı da 2015-ci il mayın 22-də “Qarabağ”a qarşı olub – 2:1.
Qeyd edək ki, 4 legioner baş məşqçi Premyer Liqada iki fərqli kluba rəhbərlik edib. Bunlar Cüneyt Biçər (“Bakı”, “Xəzər Lənkəran”), Rasim Kara (“Xəzər Lənkəran”, “Bakı”), Qyoko Hacıyevski (“Bakı”, “Simurq”) və Kemal Alispahiçdir (“Muğan”, “Rəvan”).