Son illər Azərbaycan turizm sahəsində dinamik inkişaf mərhələsi yaşayır. Bu dinamikada xüsusilə çinli turistlərin rolu nəzərəçarpacaq dərəcədə artıb. Çin Xalq Respublikası ilə turizm sahəsində qurulan əlaqələr nəticəsində bu ölkədən gələn turistlərin sayında əhəmiyyətli artım müşahidə olunmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-mart ayları ərzində Çindən Azərbaycana səfər edən turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə, yəni 70 faiz artıb.
Maraqlıdır, ölkəmizdə Çin vətəndaşlarının diqqətini ən çox nə cəlb edir?
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən turizm eksperti Rəhman Quliyevin sözlərinə görə, Azərbaycanda ictimai asayişin qorunub saxlanılması turistlərin ölkəmizə rahatlıqla səyahət etməsinə təsir edir:
“Biz hər il Azərbaycana gələn turist sayında artım müşahidə edirik. Bütün dünyada baş verən siyasi qalmaqallar, iğtişaşlar turizm marşrutlarına ciddi təsir göstərir. Buna baxmayaraq, bu gün Azərbaycanda ictimai asayişin yüksək səviyyədə qorunub saxlanması əsas verir ki, ölkənin turizm sahəsi davamlı və dayanıqlı olsun.
Təbii ki, bu nüans xarici ölkələrin vətəndaşlarının diqqətini cəlb edərək, ölkəmizə səyahət etmələrinə səbəb olur. Çinli turistlərin sayında artımın müşahidə olunması isə həm də son illər Çin-Azərbaycan münasibətlərində əldə olunan irəliləyişlərin təzahürüdür.
İllərdir aparılan xarici siyasət, dostluq münasibətləri sayəsində tək siyasi müstəvidə deyil, turizm sektorunda da Çin vətəndaşlarının diqqətini cəlb edə bilmişik. Üstəlik, iki ölkə arasında viza rejiminin ləğvi, Azərbaycana çinli turist axınını kütləvi surətdə artıracaq”.
Ekspert qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsi, eyni zamanda Pakistan-Hindistan münaqişəsi ölkəmizi turistlər üçün daha güvənli hala gətirir:
“Turizm mədəniyyətin bir qoludur, inteqrasiya ilə xalqları birləşdirir, münasibət yaradır. Çinli vətəndaşlar da ölkəmizə gəldikcə artıq bir doğmalıq yaranıb. Siyasi dostluqla yanaşı, iki xalq arasında dostluq münasibətləri inkişaf edib. Həmçinin, onlar ölkəmizdə qonaqpərvərliklə qarşılanırlar. Statistik göstəricilərə əsasən, Çindən gələn turistlərin böyük əksəriyyəti göstərilən xidmətlərdən razı qayıdırlar. Eyni zamanda, ölkəmizin tarixi, mədəniyyəti onların diqqətini ayrıca cəlb edir. Qeyd edə bilərəm ki, onlar burada daha çox tarixi yerləri gəzib, görmək istəyirlər. Hətta ölkəmizin sakit, güvənli və tarixi cəhətdən cəlbedici olması onlardan bəzilərinin buranı daimi yaşayış yeri kimi seçmək istəməsinə səbəb olur.