Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və İtaliyanın baş naziri Giorgia Meloni ilə telefon danışığı keçirib və tərəflər Ukraynadakı münaqişəni müzakirə ediblər.
Musavat.com xəbər verir ki, məlumatı "Reuters" agentliyi Baş nazir ofisinin nümayəndəsinə istinadən yayıb.
Qeyd olunur ki, Trampın mayın 19-da Rusiya prezidenti Vladimir Putinlə söhbəti ərəfəsində Qərb liderləri şərtsiz atəşkəsin zəruriliyini müzakirə ediblər və Moskvanı sülh danışıqlarına ciddi yanaşmağa çağırıblar. Bundan əlavə, onlar Rusiya rəhbərliyinin atəşkəs və sülhlə bağlı ciddi danışıqlardan imtina edəcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduqlarını bəyan ediblər.
Bundan əvvəl Tramp Truth sosial şəbəkəsində mayın 19-da saat 10:00-da (Moskva vaxtı ilə 17:00) Putinlə söhbət edəcəyini yazıb. Mövzular arasında ABŞ prezidenti Ukrayna nizamlanması və ticarətin adını çəkib. Vaşinqton administrasiyasının rəhbəri dəqiqləşdirib ki, Rusiya prezidenti ilə danışdıqdan sonra o, Vladimir Zelenski və NATO ölkələrinin liderləri ilə danışacaq. Putinlə Tramp arasında əvvəlki telefon danışığı martın 18-də olub.
Musavat.com