“Rusiya- Ukrayna müharibəsi dünyanın gündəmini dəyişən bir müharibə oldu. Bu müharibə Beynəlxalq təşkilatların Rusiya- Ukrayna müharibəsinə təsir imkanlarının necə də zəif olduğunu gündəmə getirdi və bununla əlaqədar dünyada dövlət ittifaqlarının mövqeyi dəyişdi:
Bunu Moderator.az-a açıqlamasında politoloq Yusif Bağırzadə bildirib.
Politoloq qeyd edib ki, İstanbul formatının bərpa olunması beş may tarixində ABŞ -ın prezidenti cənab Tramp Türkiyənin prezidenti cənab Ərdoğana telefon zəngindən sonra gündəmə gəldi:
“Belə ki, cənab Tramp yenidən İstanbul formatını bərpası ilə əlaqədar Türkiyə müraciət etdi və Ərdoğan da bu təklifi qəbul etdi. Türkiyə prezidenti iki ölkəyə yenidən İstanbul görüşünün formatının bərpası ilə əlaqədar təklif irəli sürdü və bu da həm Ukrayna, həm də Rusiya tərəfindən qəbul olundu. Bir nüansı qeyd etmək lazımdır ki, Ukrayna prezidenti Volodimir Zelenski format çərçivəsində dövlət başçıları səviyyəsində birbaşa görüş təklif etdi, yəni qərarverici bir görüş olsun. Təklif də ondan ibarət idi ki, 30 günlük atəşkəs rejimi olsun və ondan sonra da sülh müqaviləsinin detalları danışılsın. Lakin Rusiya prezidenti Vladimir Putinlə Ərdoğan arasında baş tutan telefon danışığından sonra, Moskvanın bu məsələ ilə bağlı fərqli mövqeyi ortaya çıxıb. Rusiya tərəfi təklif etdi ki, əvvəlcə sülh sazişinin detalları müzakirə edilsin, yalnız bundan sonra 30 günlük atəşkəs elan olunsun”.
Politoloq əlavə edib ki, Putin dörd Ukrayna vilayətinin tam işğalı deyil, qismən – yəni rus ordusunun hazırda nəzarət etdiyi ərazilərlə kifayətlənməyə razı olduğunu bildirib. O təklif edib ki, bu mövqelər sərhəd kimi tanınsın və həmin xətt boyunca bufer zonası yaradılsın:
“İstanbul formatı baş tutdu. Ancaq Ukrayna prezidenti cənab Zelenski ora gəlsə də, cənab Putinin bu görüşdə iştirakı ehtimalı zəiflədi. Rusiya tərəfdən isə əvvəlki İstanbul formatında iştirak edən nümayəndə heyəti görüşə qatıldı. Bu heyətə prezident Putinin köməkçisi və Rusiya Yazıçılar İttifaqının baş katibi cənab Medinski, Xarici İşlər nazirinin müavini Qaluzin və Silahlı Qüvvələrin Baş Qərargah rəisi səviyyəsində nümayəndələr daxil idi. Ukrayna tərəfindən prezident Zelenski Ankaraya gələrək cənab Ərdoğanla rəsmi görüşlərə başladı. İstanbul görüşünə isə Ukrayna prezident aparatının rəhbəri Andrey Yermakın başçılığı ilə nümayəndə heyəti qatıldı. Bu günlərdə sülh danışıqlarına başlanılması planlaşdırılır.
Qeyd olunmalıdır ki, mayın 10-da Fransada Avropa İttifaqına daxil olan ölkələrin və Böyük Britaniyanın iştirakı ilə dövlət başçılarının görüşü keçirildi. Həmin görüşdə əvvəldən "arzu olunan format" adlandırılan model əsasında Ukraynaya yardım məsələsi müzakirə olundu. Lakin mayın 10-da bu format rəsmi şəkildə “Qətiyyətlər formatı” adlandırıldı. Almaniyanın yeni seçilmiş kansleri cənab Mersinin təşəbbüsü və dəvəti ilə bu format daha qətiyyətli yanaşma kimi təqdim edildi. Bu format çərçivəsində qərara alınıb ki, mayın 12-də Rusiyaya qarşı 17 sanksiya tətbiq olunsun. Bu sanksiyalar Rusiya Federasiyasının atom sənayesi, enerji sektoru və gizli fəaliyyət göstərən tanker donanması kimi sahələrə yönəldiləcək”.
Y.Bağırzadə vurğulayıb ki, Tramp bu prosesə qoşulduqdan və cənab Ərdoğana müraciət etdikdən sonra İstanbul formatı daha dəqiq müəyyənləşdi, lakin bəzi məsələlər hələ də açıq qalır:
“Böyük ehtimalla bugünkü İstanbul görüşündə tərəflər hərbi əsirlərin mübadiləsi ilə bağlı qərar verəcəklər və 30 günlük atəşkəs rejiminin tətbiqi ehtimalı yüksəkdir. Bundan əlavə, taxıl sazişinin bərpası da gündəmdədir. Çünki bu müqavilə Rusiya üçün iqtisadi baxımdan faydalı idi. Əvvəlki taxıl sazişi formatında Birləşmiş Millətlər Təşkilatı, Türkiyə, Ukrayna və Rusiya iştirak edirdi. Lakin bu dəfə – İstanbul formatında BMT nümayəndəsi iştirak etmir. Bu dəyişiklik, çox güman ki, Rusiyanın təkidi ilə baş verib. Ona görə də tərəflər arasında bu üç əsas məsələ – hərbi əsirlərin mübadiləsi, atəşkəs rejiminin elan olunması və taxıl sazişinin bərpası – üzrə razılıq əldə olunması mümkündür.”
Mehin Mehmanqızı