AZ

Yuxarı siniflərdə niyə dərs keçirilmir?

Bir çox məktəbdə müşahidə olunur ki, müəllimlər 9-cu sinif şagirdlərinə dərsləri səthi və ya davamsız şəkildə keçirlər. Bunun əsas səbəbi kimi həmin şagirdlərin əksəriyyətinin repetitor yanına getməsi göstərilir. Təhsil eksperti Elçin Murad Metbuat.az-a açıqlamasında bildirib ki, bu məsələ, əslində, doqquzuncu sinifdən yuxarı, yəni 9-11-ci siniflərin hamısında eyni problem olaraq qalır. Lakin məsələyə birtərəfli yanaşmaq düzgün olmaz: “Repetitor fəaliyyəti, əslində, bu ölkədə olmasa, uşaqların təhsil sistemi demək olar ki, çox zəif olar. Mən bunu bir valideyn kimi deyirəm. Repetitorluq təhsil sistemində vacib faktorlardan biridir. Çünki məktəb proqramı ilə Dövlət İmtahan Mərkəzinin imtahan proqramı arasında uyğunluq yoxdur, yəni dərsliklərdəki mövzularla imtahan sualları arasında uyğunluq çox azdır. Dərslərdə mövzulardan sadəcə səthi şəkildə bəhs olunur. Məsələn, ismin tərifi və sualları verilir, amma ismin mahiyyəti barədə geniş izah verilmir. Belə olan halda ikinci pillə yaranır. Yəni orta məktəbdə hər hansı bir fənni tədris edən müəllim mövzunu şagirdə mənimsətməlidir. Sadəcə tərif verməklə yox, müxtəlif test sualları, izahlar və nümunələrlə həmin mövzunu daha geniş şəkildə şagirdə çatdırmalıdır. Müəllim öz öhdəliyini yerinə yetirməyəndə isə valideyn üçüncü pilləyə müraciət etməli olur - uşağı repetitor yanına göndərir ki, sabah universitetə qəbul olunsun, diplom alsın və gələcəyini qursun. Belə olan halda valideynə ikinci dəfə yük düşür”. E.Muradın fikrincə, hazırkı təhsil sistemində repetitorluq fəaliyyəti olmasa, universitetlərə yüksək balla qəbul olan şagirdlərin sayı kəskin şəkildə azalacaq: “Düzdür, bəzi şagirdlər var ki, repetitor yanına getmədən özləri oxuyub uğur qazanırlar. Amma bu, hər on şagirddən birinə, ya da ikisinə aiddir. Hər bir şagirdin müəyyən mərhələdə müəllim dəstəyinə ehtiyacı var. Əgər bu ehtiyac ödənilmirsə, şagird ən asan yolu – oxumamağı seçir. Təbii ki, o, böyük insanlar kimi düşünmür ki, oxumasa gələcəkdə problemlərlə üzləşəcək. Onun üçün anı yaşamaq daha önəmlidir. Amma universitet imtahanına çatanda, suallar qarşısında qaldıqda hər şeyi dərk edir, lakin onda artıq gec olur. Ona görə də repetitorluq indiki məqamda zərurətdir. Repetitorluğa qarşı çıxmaq, müəyyən mənada təhsili baltalamaq olar”. Ekspert müəllim məsələsinə də birtərəfli yanaşmayıb: “Orta məktəblərdə müəllimlər çoxlu əlavə yüklərlə yükləniblər: jurnal yazmaq, davamiyyət götürmək, digər kağız işləri və s. Bütün bunlar 45 dəqiqəlik dərs müddətinə sığmalıdır. Müəllim həmin müddətdə yeni dərsi izah etməli, köhnə mövzunu soruşmalı, davamiyyəti yoxlamalı, jurnalı doldurmalı və digər sənədləri hazırlamalıdır ki, rəhbərlik tərəfindən töhmət almasın. Məktəblərdə vəziyyət bundan ibarətdir. Bəzi hallarda müəllimi qınamaq olar, amma bu məsələdə 20-30 faiz müəllimin, 60-70 faiz isə ümumi sistemin günahıdır. Elm və Təhsil Nazirliyi dərs sistemi ilə bağlı vahid bir layihə ortaya qoya bilmir. Sadəcə məsuliyyəti müəllimin üzərinə yükləyib, özü kənarda dayanır. Belə olan halda da müəllimin marağı azalır. O, yalnız ona tapşırılan işləri yerinə yetirməyə çalışır ki, digər məsul şəxs mənə bu barədə nəsə söz deməsin”. Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
0
11
metbuat.az

10Mənbələr