AZ

“Bahalı diplom, işsiz gələcək” – Təhsil sistemimiz gəncləri hara aparır?

“Azərbaycanda ali təhsil müəssisələrində bəzi ixtisaslar üzrə illik təhsil haqqının 8–9 min manata çatması ictimai müzakirələrə səbəb olmaqla yanaşı, sosial ədalət və təhsilin əlçatanlığı məsələsini də ön plana çıxarır. Bu rəqəmlər, xüsusən də iqtisadiyyatın real əməkhaqqı səviyyəsi və təhsilin məzmunu ilə müqayisədə ciddi uyğunsuzluq yaradır”.
 
Bunu Moderator.az-a açıqlamasında təhsil eksperti Kamran  Əsədov bildirib.
 
Təhsil eksperti qeyd edib ki,  Dövlət Statistika Komitəsinin 2024-cü il göstəricilərinə görə, ölkədə orta aylıq əməkhaqqı 970 manatdır, yəni bir vətəndaşın 1 illik əməkhaqqı bəzi universitetlərin bir illik təhsil haqqını belə qarşılamır:
 “Belə bir kontekstdə, 4 il ərzində ümumilikdə 32–36 min manat xərcləyib ali təhsil alan, amma məzun olduqdan sonra ayda 600 manat əməkhaqqı ilə çalışan gəncin bu investisiyadan məmnun qalması real görünmür. Təhsil xərclərinin bu qədər yüksək olmasının əsas səbəblərindən biri təhsilin kommersiyalaşdırılmasıdır. Xüsusilə özəl universitetlərdə qiymət siyasəti bazar mexanizmlərinə əsaslanır, amma bu qiymətə uyğun olaraq təqdim edilən keyfiyyət çox zaman gözləntiləri doğrultmur. Digər səbəb dövlət vəsaitinin qeyri-effektiv bölgüsüdür. Ali təhsildə dövlət subsidiyalarının və təqaüdlərinin çox az bir hissəsi ehtiyac əsasında verilir. Ölkədə təqaüd alan tələbələrin sayı ümumi kontingentin 15-17 faizindən artıq deyil və bu da əsasən yüksək bal toplayanlara yönəldiyindən, sosial-iqtisadi baxımdan aztəminatlı ailələrin övladları üçün real dəstək sistemi mövcud deyil. Qanunvericiliyə əsasən, “Təhsil haqqında” Qanunun 13.2-ci maddəsində göstərilir ki, təhsil müəssisələrinin maliyyələşməsi dövlət büdcəsi, ödənişli əsaslar, beynəlxalq vəsaitlər və ianələr hesabına həyata keçirilir. Amma reallıqda əksər ali məktəblər əsas maliyyə mənbəyini tələbələrin ödənişləri üzərində qurur, dövlət isə yalnız məhdud sayda yerləri maliyyələşdirir. Bu da universitetləri qiymətləri süni şəkildə yüksək saxlamağa təşviq edir. Yüksək təhsil haqları ilə əlaqədar bir mühüm məsələ də şəffaflığın olmamasıdır: ali məktəblər təhsil haqqının hansı xərclərə yönəldiyini ictimaiyyətə açıqlamır, xərclərin strukturunda tədris keyfiyyəti və laboratoriya təminatı ilə bağlı məlumatlar qeyri-müəyyəndir”.
 
K.Əsədov  vurğulayıb ki, məhz bu səbəbdən də çoxsaylı tələbələr  və ailələr təhsili xaricdə almağı daha münasib hesab edirlər:
“Xaricdə, xüsusilə də Şərqi Avropa ölkələrində – Polşa, Litva, Macarıstan, Çexiya, Rumıniya – illik təhsil haqqı 3–5 min avro civarındadır və bu qiymətə Avropa diplomu, müasir tədris sistemi və beynəlxalq tanınma daxildir. Eyni zamanda, Avropa İttifaqı daxilində tələbələr üçün geniş təqaüd proqramları, təcrübə imkanları və əmək bazarına inteqrasiya mexanizmləri mövcuddur. Bu da Azərbaycanın təklif etdiyi təhsilin keyfiyyəti və diplomun tanınması ilə müqayisədə daha cəlbedici görünür. Azərbaycanda isə yüksək ödənişli ixtisasların böyük əksəriyyəti hüquq, beynəlxalq münasibətlər, menecment, maliyyə və bəzi texniki sahələrdə cəmləşir. Lakin əmək bazarında bu sahələrin çoxu artıq saturasiyaya uğrayıb, yəni bu ixtisaslardan kifayət qədər mütəxəssis mövcuddur, lakin uyğun iş yerləri və maaş imkanları yoxdur. Məsələn, hüquqşünaslıq üzrə minlərlə məzun olsa da, dövlət qulluğu və məhkəmə sisteminə qəbul prosesi məhdudiyyətli və sərtdir. Nəticədə bu sahədə işsiz hüquqşünasların sayı ilbəil artır. Yaxud menecment və maliyyə sahəsində təhsil alan gənclər işə qəbul zamanı konkret texniki bacarıq və sertifikatlar tələb olunduğundan, təkcə diplomla iş tapmaqda çətinlik çəkirlər. Hazırda Azərbaycanda pul verməyə dəyər ixtisaslar, əsasən texniki və yüksək ixtisaslaşma tələb edən sahələrdir: kompüter mühəndisliyi, proqram təminatı, informasiya təhlükəsizliyi, süni intellekt və maşın öyrənməsi, kibertəhlükəsizlik, tibb, stomatologiya, farmasiya və bərpa müalicəsi bu sıradadır. Bu ixtisaslarda həm əmək bazarında tələbat yüksəkdir, həm də məzun olduqdan sonra orta və uzunmüddətli dövrdə sərfəli əməkhaqqı imkanları mövcuddur”.
 
“Amma yenə də bu sahələrdə də yüksək təhsil haqqı yalnız o halda dəyərli sayılmalıdır ki, universitet müasir avadanlıqlarla təchiz olunmuş olsun, dərsləri sahə üzrə ixtisaslaşmış akademik heyət aparsın və tələbələrə real təcrübə imkanı təqdim edilsin. Əgər universitet bu şərtləri yerinə yetirmirsə, yalnız diplom naminə 8–9 min manat ödəmək sonda nə intellektual, nə də iqtisadi baxımdan qarşılığını verəcək. Bütün bu təhlil fonunda aydın olur ki, hazırkı vəziyyətdə yüksək təhsil haqlarının əsaslandırılması çox zaman subyektiv və qeyri-şəffafdır. Buna görə də ali təhsildə qiymət siyasəti tam yenidən baxılmalı, ödənişli təhsil şəffaf auditə açıq olmalı, qiymət-xidmət nisbətinə əsaslanan yeni mexanizm formalaşdırılmalıdır. Dövlət həm də ehtiyac əsasında təqaüd və təhsil kreditləri sistemini genişləndirməli, sosial bərabərliyi təmin etməlidir. Əks halda, təhsil, sadəcə ödənişli diplom bazarına çevriləcək və biliklə yox, imkanla ölçülən bir sahə olacaq. Bu isə nə milli inkişaf üçün, nə də gənclərin gələcəyi üçün faydalı deyil. Bizə real bilik, effektiv bacarıq və sosial ədalət yönümlü təhsil sistemi lazımdır – pul yönümlü yox”,- deyə Kamran Əsədov qeyd edib.
 
Mehin Mehmanqızı
 
Seçilən
0
moderator.az

1Mənbələr