AZ

ABB məhkəməni, məhkəmə vəkili özbaşınalığına vəkil edib

Nəsimi məhkəməsi niyə ərizə verməyən Qarabağ əlilinə vəkil ayırıb?

Nizami və Nəsimi məhkəmələrinin “aidiyyat”, vəkil hoqqabazlığı 29.12.2020-ci ildə Azərbaycan Beynəlxalq Bankının (ABB) Nizami filialında 1-ci dərəcəli Qarabağ əlilinə qarşı bankın qanunsuzluğuna hələ də nə Mərkəzi Bank, nə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, nə Ombudsman, nə prokurorluq...qiymət verir. Məhkəməni nişan verən bu qurumlar məhkəmələrin gerçəkdə ABB-yə vəkillik etməsini unudurlar.

Qısaca xatırladaq ki, bankın Nizami filialında 2 hesabı olan əlil qazinin hesabına gələn avro ilə valyuta əlilə 10 manata oturan kartına köçürülmür. Onda bu kart nəyə gərəkir və niyə 10 manata satılmalıdır? Eyni zamanda Qarabağ əlilinin birbaşa bankın özündən də pulunu götürməsinə avro, dollar qıtlığı bəhanəsilə qadağa qoyulub. Anlamaq çətindir, vəsait xarici valyuta ilə gəlibsə, necə yiyəsinə verilməyə bilər? Hətta vəsaitin min dollarını dəyişməklə verilməsindən də, hesabının imkan vermədiyi saxtalığı , qərəzi ilə imtina edilib.

3 il qabaq ABB-nin Nizami filialına qarşı Nizami məhkəməsində qaldırılan 2 (!) iddianı Həqiqət Əhmədova anında geri qaytarıb ki, Nizami rayonunda yerləşən filiala qarşı iddia aidiyyatı üzrə Nəsimi məhkəməsinə verilməlidir. (??) Aidiyyat özbaşınalığına Məhkəmə Hüquq Şurası da qiymət verməyib və özbaşınalıq hələ də daha eybəcər formada sürür.

2024-cü ilin oktyabrında elektron kabinetdən verilən iddianı Ülkər Yusifova 4 aylıq hazırlıq iclasları sonunda baxışa təyin etmək yerinə, cavabdehin qeyri-prosessual sifarişi ilə “aidiyyatı” Nəsimi məhkəməsinə göndərib. Qarabağ əlilinin MPM-in 35.2, 36.9 maddələrini hakimin kənardan sifarişlə yayğın diqqətinə çatdırması da yardıma çatmayıb. İş 2 aydan sonra Nəsimi məhkəməsinə göndərilib və eyni iddiaçının “Azərişıq” ASC-yə qarşı iddiası üzrə 10.03.2025-ci il saat 12-55-də müşavirə otağına gedib, hələ də qayıtmayan , müşavirə otağından növbəti iclas təyin edən Vüsalə Musayevanın hakimliyinə verilib. Təbii ki, 1-ci dərəcəli qazi hakim Vüsalə Musayevaya etiraz edib, di gəl etiraza da bir aydır baxılmır. Heç işin aidiyyatı üzrə Nizami məhkəməsinə qaytarılması barədə ərizə, vəsatətlər də susqunluqla qarşılanır.

İki gün öncə özünü Qarabağ əlilinə ayrılan vəkil kimi təqdim edən şəxs (etik normaların pozulması kimi qiymətləndirilməsin deyə, adını hələ ki açıqlamırıq) də işin Nizamiyə qaytarılması barədə əlilin vəsatətini müdafiə etməyəcəyini (telefonla) bildirib. Şübhəyə düşən qazi elektron kabinetdə nə vəkilin orderini, nə müraciətini tapıb. Heç özünün dövlət hesabına vəkillə təminatına ərizəsi də yoxdur. Məhkəmə hakiminin bu “humanist”liyinin qazinin adına özünə, özbaşınalığına vəkil ayırmasından, “çəkişmə, tərəflərin hüquq bərabərliyi görüntüsü” yaratmaqdan qaynaqlanması təcrübədən bəllidir. “Humanistliyə”, 1-ci dərəcəli Qarabağ əlilinə “diqqət və qayğıya” baxın, bu hakimə hələ də müşavirə otağından qayıtmadan elan etmədiyi qətnaməsindən apellyasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təminatına ərizə verən qaziyə imtina edilib, amma vermədiyi ərizə üzrə vəkil asanca ayrılıb !(?) Deyəsən, necə deyərlər “xoruzun quyruğu” görünür.

Bu görüntüyə adını çəkmədiyimiz vəkil də aydınlıq gətirib. Heç demə, qazinin Nizami məhkəməsinə verdiyi 28.12.2024 tarixli ərizəyə 4 aydan sonra Nəsimi məhkəməsi elə “diqqətlə” baxıb ki, hətta əlilin 1-ci dərəcəli yox, 2-ci qrup əlil olduğunu “Elektron məhkəmə” sistemindən müəyyən edib. (??) Cinayətkar saxtalıq göz önündə olsa da, hakim Vüsalə Musayeva vəkillikdən- müdafiəçilikdən əl çəkmək fikrində deyil. Niyə də çəkilsin, ABB-nin qeyri-prosessual sifarişi elə cəlbedicidir ki, hələ özünə, özbaşınalığına dövlət hesabına vəkil də ayırıb. Görək, Məhkəmə Hüquq Şurası bu qeyri-prosessuallığa, ABB-nin məhkəməni, məhkəmənin isə vəkili dövlət hesabına özünə, özbaşınalığına vəkil etməsinə nə deyəcək?

M. AĞSU

Seçilən
0
hurriyyet.az

1Mənbələr