AZ

"Məhkəməyə verin ki, aidiyyəti qurumlar məsuliyyət daşıdıqlarını dərk etsinlər" - Ekspertdən sürücülərə ÇAĞIRIŞ

Yağışlar zamanı Bakı yollarında artan çökmə və nahamarlıqlar sürücülər üçün təhlükə yaradır. Bu vəziyyətin səbəbləri və qarşısının alınması yolları ictimai müzakirəyə çevrilməkdədir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı təəssüflə bildirdi ki, son zamanlar yol təsərrüfatında bu cür qüsurların sayı artmaqdadır:

"Xüsusilə yağışlı və qarlı havalardan sonra bu hallar getdikcə daha da çoxalır. Hətta Bakının bir nömrəli yolu sayılan Heydər Əliyev prospektində, "Koroğlu" metrosunun yaxınlığında belə çökmələr müşahidə olunub. Artıq bir neçə nöqtədə yollardakı vəziyyət sürücülər üçün ciddi narahatlıq doğurur. Şəxsən mən də avtomobil idarə edərkən görürəm ki, yollarda nahamarlıqlar yaranıb. Bu isə potensial təhlükədən xəbər verir.

Təklif edirəm ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri və digər aidiyyəti qurumlar, o cümlədən geoloqlar yolların müayinəsini həyata keçirsinlər. Əgər yollarda təhlükə mövcuddursa, bu, əvvəlcədən müəyyənləşdirilməli və vaxtında qarşısı alınmalıdır. Mütləq şəkildə lazımi addımlar atılmalıdır.

Biz bilmirik ki, getdiyimiz yolda nə baş verə bilər, hansı hissə çökəcək. Belə hallara ciddi yanaşmaq lazımdır. Qabaqlayıcı tədbirlər görülməlidir. Oturub gözləyə bilmərik ki, hadisə baş verəndən sonra müdaxilə olunsun. Əgər problem özünü qabarıq şəkildə göstərirsə, bu, ciddi təhlükədən xəbər verir və mütləq aradan qaldırılmalıdır".

Ekspert qeyd etdi ki, bütün yollar əvvəlcədən müayinə edilməlidir.

"Amma təəssüf ki, bu addımlar atılmır. Elə əsas problem də məhz qabaqlayıcı tədbirlərin görülməməsidir. Əgər vətəndaş bu cür problemlər səbəbindən zərər çəkirsə, mütləq məhkəməyə müraciət etməlidir. Dəymiş zərəri hesablatmalı, sübut etməli və müvafiq quruma qarşı mülki iddia qaldıraraq kompensasiya tələb etməlidir. Bu, qanunvericiliklə vətəndaşa verilmiş hüquqdur.

Görünür ki, bu hüquqdan daha geniş şəkildə istifadə olunmalıdır ki, aidiyyəti qurumlar məsuliyyət daşıdıqlarını dərk etsinlər. Bilsinlər ki, artıq insanlar hüquqlarını tələb edirlər. Çünki belə hallar hər zaman kiçik fəsadlarla nəticələnməyə bilər, daha ağır nəticələrə səbəb ola bilər", -  deyə Elməddin Muradlı vurğuladı.

Xədicə BAXIŞLI

Seçilən
0
2
redaktor.az

3Mənbələr