ABŞ və Çin nümayəndələri Cenevrədə iki gün davam edən danışıqların nəticəsində ticarət defisitinin azaldılması ilə bağlı razılaşmaya gəldiklərini bildiriblər.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, ətraflı məlumat mayın 12-də açıqlanacaq.
Qeyd edək ki, hazırda ABŞ-nin Çinlə ticarətdəki defisiti 1,2 trilyon dollardır.
Millət vəkili Vüqar Bayramov Sherg.az-a söyləyib ki, 2025-ci il üçün iqtisadi proqnozlar əvvəlki dövrlə müqayisədə nisbətən bədbin hesab olunur:

“Hətta aparıcı, beynəlxalq maliyyə qurumları tərəfindən 2025-ci ilin iqtisadi artım proqnozlarına yenidən baxılıb və iqtisadi artım proqnozlarında dəyişikliklər, azalmalar həyata keçirilir. Bu da onunla bağlıdır ki, xüsusən də Amerika Birləşmiş Ştatlarında qarşılıqlı tariflərin tətbiq edilməsi ilə bağlı qərar qlobal iqtisadiyyata təsir göstərməkdədir. Ümumi gözlənti ondan ibarətdir ki, qlobal ticarətin həcmində 330 milyard dollar azalma müşahidə olunacaq. Bu da nəticə etibarı ilə qlobal iqtisadiyyata təsirsiz ötüşməyəcək. Müzakirələr və görüşlər davam edir. Bunlar hər halda qlobal iqtisadiyyatda balansın qorunması məqsədini daşıyır. Amma əgər qarşılıqlı tariflər tətbiq olunacaqsa və ticarət müharibəsi genişlənəcəksə, o zaman 2025-ci il iqtisadiyyatındakı neqativ meyllər belə görüşlərin keçirilməsinə baxmayaraq daha da dərinləşəcək”.