Donald Trampın administrasiyası Qətər kral ailəsindən “uçan saray” adlandırılan “Boeing 747-8” təyyarəsini almağa hazırlaşır. Tramp bu hədiyyədən vəzifəsini tərk edənə qədər istifadə edə biləcək.
Editor.az bildirir ki, bu barədə ABC News-a sövdələşmə ilə tanış olan mənbələr məlumat verib. Donald Tramp vəzifəsini tərk etdikdən sonra təyyarənin mülkiyyət hüququ prezident kitabxanasına keçəcək. Ağ Ev və Ədliyyə Departamenti belə qənaətə gəliblər ki, hədiyyə heç bir rəsmi aktla müşayiət olunmadığı üçün, rüşvətxorluq təşkil etmir.
Baş prokuror Pam Bondi-nin hüquqi təhlili deyir ki, bu, Konstitusiyanın xarici hədiyyələrə qadağasını pozmur, çünki təyyarə fərdə deyil, Hərbi Hava Qüvvələrinə, sonra isə prezident kitabxanasına veriləcək.
ABC telekanalı bildirir ki, Donald Trampın alacağı təyyarənin əlavə təhlükəsizlik kommunikasiya avadanlığı nəzərə alınmasa, təxminən 400 milyon dollara başa gələcəyi gözlənilir. “The Wall Street Journal” daha əvvəl bildirmişdi ki, “L3Harris” aviasiya şirkəti artıq prezident təyyarəsinin tələblərinə cavab vermək üçün təyyarəni əsaslı təmir etmək üçün tapşırılıb.
Hədiyyənin Donald Trampın mayın 13-də Yaxın Şərqə səfəri zamanı elan ediləcəyi gözlənilirdi. Lakin Ağ Evin yüksək rütbəli rəsmisi təyyarənin həmin tarixlərdə gətirildiyini təkzib edib.
//Samir Qurbanov, Editor.az