AZ

"Bu mənim arzum idi, amma onun üstünə xətt çəkməliydim" — “Avroviziya-2025”in sloveniyalı ifaçısı Klemen

Demokrat.az-ın İsveçdəki xüsusi müxbiri Tural Abdulla “Avroviziya-2025”də Azərbaycanla eyni yarımfinalda yarışacaq Sloveniya ifaçısı Klemen Slakonjadan müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

-Klemen,  özünüzü təqdim edin. Klemen kimdir?

- Çox çətin sual oldu, çünki çox insanı parodiya (təqlid) etmişəm. Amma mən Sloveniyadan Klemenəm, hansı ki, yeganə ölkədir ki, adında “sevgi” sözünü daşıyır (sLOVEnia). Biz sevgi dolu ölkəyik. Mən aktyorluq üzrə təhsil almışam, Sloveniya Milli Teatrında 9 il çalışmışam. Bundan əlavə, milli telekanalda aparıcı kimi fəaliyyət göstərmişəm. 22 yaşımda Sloveniyada tanınmış satirik proqramda tanınmış müğənniləri təqlid etmişəm. Həmçinin Sloveniyanın Avroviziya üçün milli seçimi olan EMA-da 4 dəfə aparıcı olmuşam, ilk dəfə isə 2011-ci ildə. Bundan sonra bir çoxları mənə "Avroviziya"da çıxış etməli olduğumu deyirdi və indi buradayam. Amma heç vaxt bu müsabiqədə ballada ilə çıxış edəcəyimi düşünmürdüm. Lakin həyat elə gətirdi ki, həyat yoldaşım Mojcaya sağalmaz xəstəlik diaqnozu qoyuldu, halbuki o, xəstəliyin öhdəsindən gəldi. Mənə görə bu mahnı çox önəmli bir mesaj daşıyır: ümid… Əgər kimsə sizə deyirsə ki, bu mümkün deyil, əksinə, mümkündür, çıxış yolu var.

-Siz qeyd etdiniz ki, daha çox komediyaçı kimi fəaliyyət göstərirdiniz və sonradan ifaçı kimi fəaliyyət göstərməyə başladınız. Bəs sizə kim daha çox təsir etdi ki, bu sənətə addım atasınız?

- Mən uşaqlıqdan ifa edirəm, bu mənim uşaqlıq sevgimdir. Müxtəlif mahnılara qulaq asaraq səsləri parodiya edirdim. Həyatda başqa işlərlə (aktyorluq, aparıcılıq) məşğul olsam da, ifaçılıq televiziyada etdiklərimin böyük hissəsini təşkil edir. Sadəcə bu bir zaman məsələsi idi. Nə vaxt üzümdəki maskaları çıxarıb özüm olmağa başlayacağam, əlbəttə ki, müğənni kimi də. Bu bir proses idi, çünki 7-8 il qrup şəklində çıxış etmişəm. Amma indiyə qədər etdiyimiz konsertlər daha çox komediya şousu şəklində idi. Ciddi mahnıların içində “Coldplay”, Ed Şiran, Pavarottinin “Nessun Dorma”sına kimi təqlidlər etmişəm. İndi isə bu repertuar yeni bir şəkil alacaq, mənə aid olan. Amma çox güman ki, konsertlərimdə bəzi anlarda komediya da yer alacaq.

-2016-cı ildən başlayaraq siz siyasi liderləri təqlid etməyə başladınız. İlk olaraq Putin – “Putout” ifanızla beynəlxalq səviyyədə tanındınız. Bundan əlavə, “MockingBirdMan” (İstehzalı quş adam) skeçi çərçivəsində başqa siyasi liderləri də təqlid etdiniz. Bu kreativ yaradıcılığınız necə başladı? Bunu necə bacardınız?

- Çoxlu işlə. Əsasən də Putin videosu üçün... Ardınca da davam etdi: Tramp, Merkel. Mən onların bütün videolarını “YouTube”dan izlədim, müxtəlif məqalələr oxudum. Oradan sözlər seçib mahnıda istifadə etdim. O insanların mahiyyətini anlamağa çalışdım. Sonradan vizuallaşdırmanı əla bacaran rejissor Miha Knifici seçdim. Onunla bu layihəni reallaşdırmaq üçün çoxlu görüşlər keçirdik. Putin parodiyasını ərsəyə gətirmək üçün 1 il yarım vaxt sərf etdik. Bundan əlavə, mənə dəstək ola biləcək heç bir fond və ya sponsor olmadı. Nəticədə dedim ki, nə olursa-olsun, pulumu bu layihəyə xərcləyəcəyəm. Çünki bunu içimdən çıxartmalı idim. Bu haqda düşünmək istəmirdim. Sadəcə dünyaya içimdəki məni göstərmək istəyirdim. Sonradan digər layihələr üçün sponsorlar tapıldı, amma bu çox çətin idi, çünki özüm həm də prodüser idim. Mən heç vaxt prodüser olmaq istəməmişdim, amma bu layihəni həyata keçirmək üçün məcbur oldum. Buna görə də sonradan bu videolara marağım azaldı. Çünki hər bir layihə üçün yüksək səviyyə gözlənilirdi. Ondan aşağı səviyyədə bir şey etmək istəmirdim.

-Bundan başqa, siz "Avroviziya" qaliblərinin də parodiyasını etdiniz. "Avroviziya" fanatları bunu necə qarşıladı?

- Fanatların reaksiyası xoşuma gəldi. Mənə görə bu skeçin potensialı daha da viral ola bilərdi. Biz buna çox səy göstərdik, 2 ay hazırlıq gördük. Böyük komanda ilə bunu bacardıq. Bütün kostyum, kosmetik vasitələr, parikləri əldə etdik. Bu çox uzun bir proses idi və yenə də mən bu layihənin prodüseri idim. Bizə çox baha başa gəldi. Sonda 4 günə çəkilişləri etdik. Maraqlıdır, bunu necə bacardıq? Lentə almaq da çətin idi, mən hər dəfə geyimləri dəyişirdim. London pre-partisində Avroviziya qaliblərinin mahnılarından ibarət medley ifa etdim. Bu çox çətin idi, çünki 6 dəqiqə ərzində ardıcıl nəqarət hissələrini oxumaq, müxtəlif dinamika və səs rənglərinə keçmək həqiqətən də ağır idi. Mən bunu oxuyanda fanatlar da mənimlə birgə mahnıları oxuyurdu. Elə bil yuxuda idim.

-Amma qalib mahnılardan birində problem yaşandı. 2001-ci ilin qalibi Deyv Benton. Siz onu ifa etdiniz, sonra isə bu ifanızı sildiniz. Niyə?

- Bu mövzuya toxunmaq bir az çətindir. Deyv Benton "Avroviziya"da yeganə qaradərili qalibdir. Biz 2000-ci ilin qaliblərindən başlayaraq onları parodiya edirdik. Deyv Benton 2001-ci ildə Estoniyaya qalibiyyət gətirmişdi. Ona necə təqlid edə bilərik ki, heç kim inciməsin? Bu, demək olar ki, qeyri-mümkündür. Nə etsəm, hər zaman səhv başa düşüləcəkdim, məni rasist kimi qələmə verəcəkdilər. Komanda ilə müzakirələrdən sonra qərara gəldik ki, onu olduğu kimi göstərək. Beləcə, kosmetik vasitələrlə orijinala yaxın tünd rəng çalarlarından istifadə etdik. Mən çox sevinirəm ki, cənab Deyv Benton incimədiyini qeyd edib. Amma bu gün yaşadığımız dünyada insanlar hər şeyi müəyyən bir prizma ilə görürlər. Qaradərililərin tarixi irqi istehza ilə bağlı olduğuna görə bu məsələyə yanaşmaq həmişə çətin olur. Bizim üçün bu sadəcə performans idi. Nə etsəm, yanlış başa düşüləcəkdim. Rəng istifadə etsəm, problem. İstifadə etməsəm, yenə də problem. Tanel olsaydım, başqa cür başa düşüləcəkdi. Estoniyanı siyahıdan çıxarsaydım — bu da qınağa səbəb olacaqdı. Beləliklə, mən bu məsələdə rahat deyildim. Benton da rahat deyil, çünki kənarda qalır. Amma bir çoxları fikirləşir ki, artıq hər şey keçib. İndi isə sual budur: nəyi daha məqbul saya bilərik və nəyi yox? Bəlkə də hər situasiya fərqli perspektiv tələb edir. Mən rahatlıq tapmadığım üçün Bentonla görüşdüm. Estoniyaya getdim.

-İndi sizin mahnınıza keçək. Necə qərara gəldiniz ki, belə həssas və şəxsi mahnını "EMA"ya təqdim edəsiniz və nəticədə "Avroviziya"da səsləndirəsiniz?

- Keçən il həyat yoldaşımla "Avroviziya"nı izləyərkən, söhbət əsnasında dedim ki, artıq bu müsabiqə üçün çox qocalmışam. İnanmırdım ki, bundan sonra iştirak edə bilərəm. Bu mənim arzum idi, amma onun üstünə xətt çəkməliydim. Musiqi albomumu yazdım və 3 iyun — ad günü ərəfəsində cəsarətimi toplayıb bu mahnını həyat yoldaşıma dinlətdirdim. O, çox sərtdir və hər şeyi üzə deyir. Əgər xoşuna gəlməsəydi, açıq deyəcəkdi. Amma mahnını dinləyəndə ağladı və dedi: “Klemen, sən bu mahnı ilə Avroviziyaya qatılmalısan”. Mən inanmadım, çünki bir gün əvvəl onunla bu barədə danışmışdıq. O, bu mahnının vacibliyini və mesajının önəmini vurğuladı. İnsanlara unudulmadıqlarını hiss etdirmək, onlara ümid vermək. Perspektivi dəyişmək lazımdır. Buna görə də bu gün buradayam. Həyat yoldaşıma qulaq asmağı öyrəndim. Onu dinləməməyin bədəlini bilirəm. O, xüsusidir. Əvvəlcədən olacaq şeyləri hiss edir.

-"Avroviziya"ya hazırlıqlarda tanış sima gördüm. Həyat yoldaşınız sizinlə birgə səhnəyə çıxacaq?

- Bəli, biz onu səhnəyə çıxarırıq, çünki izləyicilərə bu hekayəni aydınlaşdırmalıyıq. "EMA"dakı qələbəmdən sonra izləyicilər elə bilirdilər ki, mahnı övladımın xəstəliyi haqqındadır. Mahnı sözləri olduğu kimi yazılıb: uşağım iməkləyərkən, həyat yoldaşım ona qoyulan diaqnozu oxuyurdu. Bu, çox gərgin bir dövr idi. Reaksiyalardan sonra qərara gəldim ki, izləyicilərə izah etməliyəm. Bu sağalmaz xəstəliklə mübarizə aparan mənim həyat yoldaşımdır. Və bəli, səhnəmdə əsas fokus da odur: bu hekayəni danışmaq.

-Klemen, bilirik ki, albomunuz hazırdır. Bəs nə zaman satışa çıxacaq?

- Bəli, albomum Londonda hazırlanıb və çıxışı 40 yaş yubileyimdə — 3 iyun tarixində olacaq. Bu həm də həyat yoldaşımın mahnını ilk dəfə dinlədiyi gündür. Albom 10 mahnıdan ibarətdir və adı “Qızıl Saat” (Golden Hour) olacaq.

Tural Abdulla / İsveç, Malmö
Seçilən
0
9
demokrat.az

10Mənbələr