AZ

Elektron qəlyan zərərlidir? - ARAŞDIRMA

Son illər elektron qəlyanlardan istifadə edən gənclərin sayı sürətlə artır. Cazibədar dizaynı, müxtəlif dad seçimləri və ənənəvi siqaretə alternativ kimi təqdim olunması bu cihazların populyarlığını artırsa da mütəxəssislər bu tendensiyanın sağlamlıq baxımından ciddi risklər daşıdığı barədə xəbərdarlıq edirlər.

Operativ Media xəbər verir ki, mövcud elmi tədqiqatlar elektron qəlyanın sağlamlığa bir sıra zərərlər verdiyini ortaya qoyur.

İlk növbədə istifadə olunan mayelərin tərkibində nikotin, propilen qlikol, qliserin və müxtəlif aromatizatorlar yer alır.

Bu maddələr qızdırıldıqda toksik və zərərli kimyəvi birləşmələr əmələ gətirə bilər.

Həkimlər bildirirlər ki, nikotinli mayelər güclü asılılıq yaradır və beynin fəaliyyətinə birbaşa təsir göstərir. Bu isə xüsusilə yeniyetmələr üçün təhlükəlidir.

Yeniyetmə yaşda nikotinə məruz qalmaq yaddaş, diqqət və öyrənmə qabiliyyəti kimi vacib psixoloji funksiyalara mənfi təsir göstərə bilər.

Eyni zamanda elektron qəlyanlardan istifadə ağciyərlərdə iltihab, toxuma zədələnməsi və bəzən kəskin respirator xəstəliklərə səbəb ola bilər.

Ürək-damar sistemi də risk altındadır – nikotin ürək döyüntüsünü və qan təzyiqini artırmaqla infarkt və insult riskini yüksəldə bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, cəmiyyət arasında formalaşan “elektron qəlyan daha az zərərlidir” düşüncəsi tamamilə yanlışdır. Bu cihazların ənənəvi siqaretə nisbətən təhlükəsiz hesab edilməsi yanlış təhlükəsizlik hissi yaradır və gəncləri daha tez-tez istifadəyə sövq edir.

Həkimlər valideynləri, müəllimləri və ictimaiyyəti bu məsələyə daha ciddi yanaşmağa və maarifləndirmə işlərini gücləndirməyə çağırırlar.

 

Seçilən
0
operativmedia.az

1Mənbələr