AZ

Gürcüstanda azərbaycanlı qəhrəmana abidənin qoyulması məsələsi yenidən gündəmə gətirilir

TBİLİSİ, 12 may. TELEQRAF

“Xudu Borçalının qəhrəmanlığı unudulmamalı, gələcək nəsillərə ötürülməlidir. Gürcüstanda onun abidəsini ucaltmaq üçün zaman çoxdan yetişib. Çox ümid edirəm ki, abidə yaxın gələcəkdə ucaldılacaq”.

Bunu Teleqraf-ın yerli bürosuna müsahibəsində Gürcüstanın mədəniyyət nazirinin sabiq müşaviri, Teatr Cəmiyyətinin rəhbəri Giorgi Gegeçkori deyib.

O xatırladıb ki, heykəlin qoyulması məsələsi 2017-ci ildən müzakirə olunurdu.

“Xudu Borçalı çar II İraklinin ordusunda xidmət edib, cəsarətli və qəhrəman olub. Vətəni Gürcüstana çox bağlı olub, patriot idi. Hətta şair Lado Asatiani “Aspindza” poemasında onun qəhrəmanlığından da söz açıb. Heykəltəraş Giorgi Jqenti abidənin layihəsini hazırlamışdı. Layihədə Xudu Borçalının heykəlinin arxasında Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş azərbaycanlıların soyadlarının həkk olunduğu lövhənin qoyulması nəzərdə tutulurdu. Söhbət həm də Abxaziya müharibəsində həlak olan azərbaycanlılardan da gedir”, - G.Gegeçkori söyləyib.

Cəmiyyət rəhbərinin sözlərinə görə, Xudu Borçalının abidəsi Marneulinin Sadaxlı kəndində ucaldılmalı idi:

“Uyğun yer də seçilmişdi. Lakin yerli icra hakimiyyətində dəyişikliklər edildi və bu səbəbdən heykəli ucaltmaq hələ mümkün olmayıb. Lakin bunu mütləq etməliyik”.

Qeyd edək ki, Xudu Borçalı Gürcüstanın xalq qəhrəmanıdır. O, çar II İraklini bütün döyüşlərdə müşayiət edib. Aspindza yaxınlığında döyüşlərdə xüsusi şücaət göstərib. Tarixçi Teymuraz Batonişvili Xudu Borçalını “bütün Gürcüstanın ən cəsuru” adlandırıb. Tbilisinin Qldani rayonunda küçələrdən biri azərbaycanlı qəhrəmanın şərəfinə adlandırılıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr