Yelisey sarayı Fransa prezidenti Emmanuel Makronun Kiyevə səfəri zamanı çəkilən videoya münasibət bildirib. Görüntülər onun Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın baş naziri Kir Starmerlə birlikdə getdiyi qatarda çəkilib. Kupedə stolun üstündə salfet var və çəkiliş başlayanda Makron dərhal həmin salfeti götürür. X sosial şəbəkəsinin bəzi istifadəçiləri salfetin içində narkotika olduğunu iddia edirlər. Yelisey Sarayı bu versiyanın "Fransa düşmənləri" tərəfindən yayıldığını bildirib.
Yelisey sarayının X sosial şəbəkəsində yaydığı bəyanatda deyilir: "Avropa birliyi əlverişsiz olanda dezinformasiya o həddə çatır ki, sadə kağız salfetlər narkotik maddə kimi görünür. Bu saxta xəbərləri Fransanın həm xaricdə, həm də ölkə daxilində düşmənləri yayır. Biz manipulyasiyaya qarşı ayıq-sayıq olmalıyıq". Mətbuat xidməti ayrıca salfetin fotosunu da dərc edib və fotoya "Bu salfetdir. Burnunu üfürmək üçündür" sözlərini yazıb.
Mayın 10-da Kiyevə Emmanuel Makron, Fridrix Mers, Keir Starmer və Polşanın baş naziri Donald Tusk gəlib. Onlar Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüblər. Danışıqlardan sonra o, bu gün - mayın 12-dən başlayaraq ən azı 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib.Avropa ölkələri və ABŞ atəşkəsi pozacağı təqdirdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəkləri ilə hədələyib.