“Birləşmiş Aviasiya Korporasiyası” (UAC) yeni Su-35S qırıcılarının daha bir partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
“Poliqon” “Birləşmiş Aviasiya Korporasiyası”na istinadən xəbər verir ki, Su-35S-lər müxtəlif iş rejimlərində yer və uçuş sınaqlarından keçdikdən sonra xidməti yerlərinə uçublar.
“UAC cari ilin proqramına uyğun olaraq hərbi aviasiya vasitələrinin davamlı tədarükünü həyata keçirir. Zavodlarımız dövlət müdafiə sifarişinin tam və müəyyən olunmuş müddətdə yerinə yetirilməsinin vacibliyini dərk edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən inamla gəlirlər. Paralel olaraq, ölkənin müdafiə qabiliyyətinin gələcək planlarını həyata keçirmək üçün potensialın artırılması və yeni istehsal infrastrukturunun istismara verilməsi istiqamətində işlər aparılır. Su-35S, Su-34 və Su-57 təyyarələrinin yeni partiyaları istehsal olunur”, – deyə “Birləşmiş Aviasiya Korporasiyası”nın baş direktoru Vadim Badexa bildirib.