Tehranda keçirilən Nazirlər Kabinetinin iclasında çıxış edən Pezeşkian ABŞ-ylə aparılan nüvə danışıqlarına toxunub.
Operativ Media xəbər verir ki, bu haqda İranın rəsmi IRNA agentliyi məlumat yayıb.
Ölkəsinin nüvə silahı ardınca getmədiyini və getməyəcəyini bildirən Pezeşkian “Rəhbərin (İran lideri Ayətullah Əli Xamenei) fətvasına əsasən nüvə silahı istehsalına yönəlmiş hər cür fəaliyyət qadağandır. Əlbəttə, İranın bütün nüvə obyektlərindən imtina etməsi ilə bağlı müzakirələr bizim üçün qəbulolunmazdır. Biz dinc nüvə fəaliyyətimizi qətiyyətlə davam etdirəcəyik", - deyə bildirib.
“Müzakirələrə və razılaşma əldə olunmasına ciddi yanaşırıq”, – deyə o əlavə edib.
“Biz sülh istədiyimiz üçün danışıqlar aparırıq. Biz bölgədə sülh və təhlükəsizlik axtaran bir ölkəyik. Hesab edirik ki, region ölkələri qardaşdır, sülh və həmrəylik şəraitində birlikdə yaşaya bilərlər və dünyanın o biri başından kimsənin gəlib bizim üçün nələrsə etməsinə ehtiyac yoxdur. Regionda qeyri-sabitlik və narahatlıq yaratmağa çalışan İsraildir", deyə o, vurğulayıb.